...

Azərbaycanın bank sektorunda kifayət qədər pul var - Vüsal Qasımlı

İqtisadiyyat Materials 19 Yanvar 2021 12:19 (UTC +04:00)
Azərbaycanın bank sektorunda kifayət qədər pul var - Vüsal Qasımlı

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın bank sektorunda kifayət qədər pul var - likvid aktivlәrin həcmi 9 milyard manat olmaqla, ani likvidlik әmsalı normativi iki dәfә üstәlәyir. Üstəlik bankların kapital adekvatlığı da itkilәri qarşılamağa kifayәt edir.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Azərbaycanın iqtisadi artım perspektivləri barədə danışarkın deyib.

Onun sözlərinə görə, hazırda likvidliyin iqtisadi artımın bərpasına istiqamətlənməsi əsas hədəfdir. V.Qasımlı bildirib ki, real sektorda risklərin azaldılması üçün dövlətin kredit zəmanəti, kredit sığortası və kreditlərin subsidiyalaşdırılması kimi mexanizmlərdən daha geniş istifadə etməsi zəruridir:

“İpoteka və Kredit Zəmanəti Fondu, Sahibkarlığın İnkişafı Fondu, İnnovasiyalar Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi kimi dövlət qurumları subsidiya, zəmanət və güzəştli kreditlər təqdim etməklə banklar üçün real sektorda riskləri yumşaldırlar. Amma bütövlükdə bu risklərin iqtisadi artıma mane ola bilməyəcək həddə endirilməsi üçün struktur islahatlarının davam etdirilməsi, maliyyә dәrinliyinin vә inklüzivliyinin yüksәldilmәsi məqsədəmüvafiqdir. Bir də ki, iqtisadi artımı maliyyələşdirən təkcə banklar deyil, dünya təcrübəsində qiymətli kağızlar bazarı real sektora maliyyə cəlbində əhəmiyyətli rol oynayır.

Çünki fiskal genişlənmə fonunda Azərbaycanda pul təklifinin artması trendi qalacaq. Məsələn, 2021-ci il dövlət büdcəsinin xərcləri 28,5 milyard manat olmaqla 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9 faiz, 2020-ci illə müqayisədə 5,9 faiz çoxdur. Bu məqamda deyək ki, bir tərəfdən inflyasiyanın səngiməsi və ÜDM-in azalması, digər tərəfdən isə manatla pul kütləsinin artması hesabına manatın dövretmə sürəti 4-ün altına düşüb. Fiskal genişlənmə monetar siyasətin konturlarını müəyyənləşdirir və pul təklifinin artımını əsaslandırır”.

O bildirib ki, Mərkəzi Bank genişləndirilmiş hökumətin tərkib vahidi kimi yeni kreditlər vermək və bazardan xarici valyuta almaqla manatla pul kütləsini artırır:

“Hökümət isə dövlət büdcəsinin kəsiri ilə pul kütləsini böyüdür. Pul təklifinin artmasına uyğun olaraq faizlərin enməsi üçün real sektordakı risklər də azaldılmalıdır ki, bankların risk antipatiyası azalsın. Bu halda Azərbaycanda pul multiplikatoru, yəni bankların pul yaratmaq qabiliyyəti də yüksələcək və real sektor böyüyəcək. Bir sözlə, Azərbaycanda indiki makroiqtisadi sabitlik, likvidlik imkanları, fiskal fəza və nəqliyyat-logistika şəbəkəsi iqtisadi artımın yüksək trayektoriyaya keçməsinə əsaslar yaradır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti