...

Qeyri-rəsmi məşğulluqla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir

İqtisadiyyat Materials 9 Mart 2021 13:30 (UTC +04:00)
Qeyri-rəsmi məşğulluqla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Trend-in məlumaçtına görə, Məcəlləyə ümumilikdə 12 dəyişiklik nəzərdə tutulub. Dəyişikliklərin əsas mahiyyəti qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yollarının hüquqi tənzimlənməsi ilə əlaqədardır.

Qeyd edilib ki, Azərbaycanda rəsmi statistikaya əsasən 600 min nəfər qeyri-rəsmi çalışan işçi var. Bu, həmin insanların əmək, istirahət, digər sosial təminat münasibətlərinə, habelə pensiya təminati məsələlərinə mənfi təsir göstərir. Vətəndaşların işlə təmin edilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun olmalı, onların sosial müdafiəsi məsələsi gücləndirilməlidir.

Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər vergi və məcburi dövlət sosial sığorta haqqının ödənişlərindən yayınma və əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması ilə əlaqədardır.

Diqqətə çatdırılıb ki, Əmək Məcəlləsinin bir çox maddələrində əmək münasibətləri ifadəsi işlədilir. Bununla bağlı Məcəllədə mövcud olan bir çox əmək norma və qaydalarının tətbiqi şərtləndirilir. İşəgötürənlərin əmək münasibətləri ilə bağlı daha geniş formada məlumatlı olması məqsədilə Məcəlləyə bu münasibətləri şərtləndirən amilləri müəyyən edən yeni 4-1-ci maddə əlavə edilir.

Əlavəyə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

Qeyd edilib ki, Məcəllənin 7-ci maddəsinə də müəyyən əlavələr edilir. Əlavə edilən hissədə tərəflər arasında əmək münasibətləri hesab edilən bir sıra hallar göstərilir və bildirilir ki, onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bu hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti