...

“Şimal-Cənub” nəqliyyat dəhliz ilə ilk konteyner blok qatarı yola düşüb

İqtisadiyyat Materials 21 İyun 2021 16:58 (UTC +04:00)

Bakı. Trend:

Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola düşüb.

Trend “ADY Konteyner” MMC-yə istinadla xəbər verir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə ilk konteyner blok qatarı “RJD Logistika” AC, “ADY Konteyner” və “Tarkib Trans Co.”nun birgə operatorluğu ilə Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq. 32 qırxfutluq konteynerdən ibarət blok qatarının daşıdığı yük kağız məhsullarından ibarətdir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçı ölkələrinin müvafiq dəmir yolları operatorlarının sıx əməkdaşlığı nəticəsində həyata keçirilən bu layihə pilot xarakteri daşıyır. Hazırkı pilot blok qatarının nəticələrindən asılı olaraq dəhliz üzrə blok qatarların hərəkəti mütəmadi olacaq. Finlandiya və ümumilikdə Avropa İttifaqı ölkələri Hindistanın vacib ticarət tərəfdaşlarıdır. Finlandiyadan Hindistana əsasən kağız məhsulları, texnika və avadanlıq, Hindistandan isə bu ölkəyə əczaçılıq, kimya sənayesi və tekstil məhsulları daşınır. Bu məhsulların demək olar ki, hamısı konteynerlə daşına bilər və dəhlizlə hərəkət edəcək konteyner blok qatarı üzrə potensial yük bazası təşkil edir.

Konteynerlər yükləmə üçün Finlandiyaya göndərilmiş “ADY Konteyner” şirkətinə məxsus olan dəmiryolu platformaları ilə daşınır. Uzun məsafəli transkontinental blok qatarların təşkili “ADY Konteyner” MMC-nin əsas hədəflərindən biri olduğuna görə, bu layihənin gerçəkləşməsi üçün platforma təminatını qurum öz üzərinə götürüb. Konteynerlər multimodal üsulla – dəmiryolu, avtomobil və gəmi vasitəsilə daşınaraq Nava Şeva limanına çatdırılacaq. Dəniz yolu ilə daşımadan fərqli olaraq bu dəhliz üzrə konteyner blok qatarı tranzit müddətini xeyli qısaldacaq. Qeyd olunan dəhliz üzrə blok qatar ümumilikdə 7200 kilometr məsafə qət edərək təyinat yerinə çatdırılacaq.

Hindistanla Rusiya və Şimali Avropa ölkələri arasında nəqliyyat bağlantısı yaradan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin tranzit imkanlarından istifadə baxımından vacib əhəmiyyətə malikdir. Qərb, Orta və Şərq marşrutlarından ibarət olan bu dəhlizin Qərb marşrutu Azərbaycan ərazisindən keçir. Bir müddət əvvəl Süveyş kanalında yaranmış vəziyyətin qlobal təchizat zənciri üçün təhdidlərini nəzərə alaraq, bu dəhlizin transkontinental yükdaşımalar üçün rolu tədricən arta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti