Bakı. Trend:
“Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Trend-ə verilən məlumata görə, QSC-nin donanmasının tərkibinin genişlənməsi və müasir gəmilər hesabına yenilənməsi daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin tapşırığına əsasən bu sahədə mühüm işlər icra olunur. ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda tikilən “Kəlbəcər” neftdaşıyan tankeri də bu istiqamətdə həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir.
Ötən ay Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib. Yükü dizel yanacağı olan tanker ilk səfərinə çıxıb. Gəmi Türkmənistanın Türkmənbaşı limanından Türkiyənin Gebze limanına doğru yola düşüb.
Uzunluğu 141, eni 16.9 metr olan yeni nəsil “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb.
Yeni tanker Bakı Gəmiqayırma Zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən “Laçın” tankeri ilə eyni tiplidir.
Gəmi həm ölkəmizin beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsinə, həm bir bazardan asılılığın aradan qaldırılmasına, həm də xarici sularda vətənimizin təmsil və təbliğində mühüm rol oynayacaq. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə tankerə “Kəlbəcər” adının verilməsinin də böyük rəmzi mənası var.
Xatırladaq ki, ASCO-nun Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub.