...

Azad olunmuş ərazilərdə FAO ilə birgə layihələr həyata keçiriləcək

İqtisadiyyat Materials 15 Dekabr 2021 10:51 (UTC +04:00)
Azad olunmuş ərazilərdə FAO ilə birgə layihələr həyata keçiriləcək

Bakı. Çingiz Səfərli - Trend:

İşğaldan azad olunmuş ərazilərdə bir sıra istiqamətlərdə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə layihələr icra ediləcək.

Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi" layihəsinin yekun seminarında deyib.

Onun sözlərinə görə, azad olunmuş ərazilərdə bir sıra fəaliyyətlərin icrası nəzərdə tutulur.

"Bu fəaliyyətlər bioloji müxtəlifliyin qorunması, zəngin su ehtiyatlarından istifadə, məqsədli şəkildə məhv edilmiş meşə ehtiyatlarının bərpası və vəhşicəsinə istismar olunmuş mineral xammal ehtiyatlarına dəymiş ziyanın hesablanması və müvafiq iddiaların qaldırılması istiqamətində olacaq.

Xüsusi mühafizə olunan təbiət əraziləri ilə bağlı da FAO artıq bir layihə təqdim edib. Razılaşdırılma mərhələsindədir. Layihə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək. Həmçinin 200 hektara yaxın meşə sahəsinin bərpası da nəzərdə tutulub. Çalışacağıq ki, bir hissəsini, bəlkə də hamısının işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsinə nail olaq" - nazir müavini bildirib.

Nazir müavini bildirib ki, FAO ilə əməkdaşlıqda əsas məsələlərdən biri də kadr potensialının yenilənməsi, ixtisaslı kadrların yetişdirilməsidir.

"FAO tərəfindən keçirilən təlimlərdən çox yararlanırıq. Türkiyədə Beynəlxalq Təlim Mərkəzinin tikintisi planlaşdırılır. 2022-ci ildə mərkəz fəaliyyətə başlayacaq. Oarda azərbaycanlı meşə mütəxəssislərinin yetişdirilməsi ilə bağlı biz də təkliflərimizi hazırlamalıyıq" - nazir müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti