...

Bakı Avtovağzalında sərnişin axını azalıb

İqtisadiyyat Materials 4 Fevral 2022 11:51 (UTC +04:00)
Bakı Avtovağzalında sərnişin axını azalıb

Bakı. Fərid Zöhrabov - Trend:

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) sərnişin axını pandemiyadan qabaqkı dövrlə müqayisədə xeyli azalıb.

Bunu Trend-in sorğusuna cavab olaraq BBAK-dan bildiriblər.

"Hazırda yanvar ayının orta statistik göstəricisinə əsasən deyə bilərik ki, gün ərzində 3800 sərnişin şəhər və rayonlarımıza səfər edir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bir müddət öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində respublika ərazisində fəaliyyət göstərən avtovağzal və avtostansiyaların rəhbərləri ilə görüş keçirilib.

Görüş zamanı avtovağzal rəhbərləri bir sıra təkliflərlə çıxış ediblər. Onlar ara dayanacaqlarının sayının azaldılmasına, avtovağzallar arasında məlumat mübadilə sisteminin qurulmasına, reys cədvəllərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildiriblər.

Kommunikasiya çevikliyinin təmin edilməsi məqsədilə avtovağzal rəhbərləri üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə vahid əlaqə kanalının yaradılması və məsul şəxsin təyin edilməsi qərara alınıb.

Avtovağzal rəhbərləri qısa zamanda sərnişin axınının bərpası üçün təkliflər hazırlayaraq təqdim edəcəklər.

Növbəti mərhələdə bu istiqamətdə tədbirlər planının hazırlanması və onun icrası nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti