Bakı. Trend
2020-ci ildən bu günə qədər davam edən pandemiya şəraitinin artıq yumşaldılması prosesi müsbət tendensiya ilə davam edir.
Bunu Trend-ə açıqlamasında "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib.
Onun sözlərinə görə, Azərbaycan 70-dən çox ölkə ilə pandemiyaya görə bağlanmış və məhdudlaşdırılmış hava sərhədlərini açıb.
"Ümid edirik ki, yaxınlarda quru sərhədləri də açılacaq. Bu turizmin inkişafına müsbət təsir edəcək.
PCR testi tələbinin ləğv edilməsi ölkəmizə gələn turistlərin sayına da müsbət təsirini göstərəcək. Biz bunun bir müddət sonra şahidi olacağıq. Qarşıdan yay mövsümü gəlir. İnsanlar daha çox yayda istirahət etməyə üstünlük verirlər. Buna görə də turistlər PCR testinə əlavə xərc çəkmədən gəlib ölkəmizə istirahət edəcəklər. Düşünürəm bu qərar vaxtında verilmiş qərardır. Qərara əsasən keçən ildən fərqli olaraq bu il daha çox ölkəmizə turist cəlb edə biləcəyik", - Ə.Qurbanov deyib
Qeyd edək ki, Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.