Bakı. Trend:
Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannhaym şəhərinə gedən ilk yük qatarı Qazaxıstanın Aktau limanına çatıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Trend-ə verilən məlumata görə, yük qatarı buradan ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi ilə Hövsan limanına yola salınıb.
ASCO-nun İstismar-kommersiya departamentindən bildirilib ki, “Maestro Niyazi” fider gəmisinin mayın 5-də Hövsan limanına çatacağı gözlənilir. Limanda konteynerlər aşırıldıqdan sonra qatar Gürcüstanın Poti limanına yola salınacaq. Sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılacaq.