...

Hindistanın Bakıdakı səfirliyi məhsulların ixracı mövzusunda vebinar təşkil edib (FOTO)

İqtisadiyyat Materials 25 May 2022 14:27 (UTC +04:00)
Hindistanın Bakıdakı səfirliyi məhsulların ixracı mövzusunda vebinar təşkil edib (FOTO)

Bakı. Trend:

Hindistanın Bakıdakı Səfirliyi çiçəkçilik və əkin məhsulları, toxum, ət, düyü, çay və veqan məhsullarının ixracı mövzusunda vebinar təşkil edib.

Hindistanın Bakıdakı Səfirliyi Hindistanın Kənd Təsərrüfatı və Emal Olunmuş Ərzaq Məhsullarının İxracının İnkişafı Agentliyi (APEDA) ilə birlikdə 25 may 2022-ci il tarixində çiçəkçilik və əkin məhsulları, toxum, ət, düyü və veqan məhsullarının ixracı mövzusunda biznes vebinar və B2B görüş təşkil edib.

Kənd Təsərrüfatı və Emal edilmiş Ərzaq Məhsullarının İxracının İnkişafı Təşkilatı (APEDA) Hindistan Hökuməti tərəfindən yaradılıb və kənd təsərrüfatı məhsullarının ixracının təşviqi və inkişafı üzrə məsuliyyət daşıyır.

Hindistanın Müstəqilliyinin 75 illiyinin qeyd edilməsi üçün “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində baş tutmuş tədbirdə Hindistan və Azərbaycanın aparıcı şirkətləri, eləcə də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Xidmətlər Agentliyinin nümayəndələri iştirak ediblər.

Tədbir APEDA-nın baş meneceri cənab V. K. Vidyarthinin çıxışı ilə başlayıb. O, Hindistanın kənd təsərrüfatı məhsullarının emalı üçün yaxşı qurulmuş infrastruktura malik olduğunu və Hindistandakı ən müasir laboratoriyaların qida təhlükəsizliyi standartlarına uyğun sınaqlar apardığını vurğulayıb.

Vebinarda çıxış edən Hindistan səfiri Cənab B. Vanlalvavna qeyd edib ki, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanlar mövcuddur. Onun sözlərinə görə, düyü, ət, ədviyyat və çay növləri Hindistandan gətirildiyinə görə Hindistanın ərzaq məhsulları artıq Azərbaycan bazarında tanınır. O, daha sonra bildirib ki, bu sahədə iki ölkə arasında əlaqə və əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var.

APEDA-nın sədri Dr. M. Angamuthu çıxışında Hindistanın kənd təsərrüfatı və qida məhsullarının mərkəzi olduğunu və Hindistanın çiçəkçilik sektorunun yüksək bazar dəyəri və böyük imkanları olan kommersiya biznesi kimi inkişaf etdiyini qeyd edib. O bildirib ki, Hindistanda çiçəkçilik istehsalının artırılması bu sahədə Azərbaycanla ikitərəfli əməkdaşlıq üçün böyük imkanlar yaradır.

Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Vəfa Səfərli Agentliyin fəaliyyəti, göstərdiyi xidmətlər və Agentlik tərəfindən verilən sənədlər, o cümlədən gülçülük, toxumçuluq və qida məhsullarının Azərbaycana idxalı qaydaları və prosedurları haqqında təqdimatla çıxış edib.

Hindistan Milli Toxum Assosiasiyasının direktor müavini cənab Deepankar Pandey toxum ixracı, onun həcmi, perspektivləri və imkanları haqqında təqdimatla çıxış edərək Hindistanın toxumçuluq sektorunun 3 milyard ABŞ dolları dəyərində olduğunu və dünya miqyasında 5-ci yeri tutduğunu vurğulayıb.

Bitki Əsaslı Qida Sənayesi Assosiasiyasının İcraçı Direktoru cənab Sanjay Sethi isə veqan məhsullarının ixracına dair təqdimatla çıxış edib.

Azərbaycanın statistikasına əsasən, 2021-ci ilin yanvar-dekabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 26,8% artaraq 739,10 milyon ABŞ dolları təşkil edib. Hindistan bu dövrdə Azərbaycanın 10-cu əsas ticarət tərəfdaşı olub.

Azərbaycanın Hindistana ixracı 30,1% artaraq 594,43 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində Azərbaycanın ümumi ixracatında Hindistanın payı 2,7% təşkil edib və beləliklə Hindistan Azərbaycanın 8-ci ixracat istiqaməti olub. Azərbaycanın Hindistandan idxalı 2021-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8% artaraq 144,67 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti