...

Azərbaycan İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa dəvət edib

İqtisadiyyat Materials 26 İyun 2022 18:51 (UTC +04:00)

Bakı. Trend:

İyunun 26-da Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi ilə görüşüb.

Azərbaycanın İrandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Səfir iki ölkə arasında nəqliyyat, tranzit, energetika, kənd təsərrüfatı və digər sahələrdə mövcud olan faydalı əməkdaşlığı vurğulayaraq Azərbaycanın İranla iqtisadi-ticari əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. COVID-19 pandemiyası dövründə Azərbaycan sərhədlərin İranla tranzit və ikitərəfli ticarət üçün bağlanmadığını və yükdaşımaların davam etdiyini bildirən Əli Əlizadə, 2021-ci il ərzində Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsinin həcminin 30 faiz, cari ilin ötən dövrü ərzində isə 20 faiz civarında artdığını bildirib, bu işdə iş adamlarının və özəl şirkətlərin fəaliyyətinin önəmli olduğunu diqqətə çatdırıb.

Azərbaycan və İran Prezidentlərinin Aşqabad görüşünün iki qonşu dövlət arasındakı münasibətlərdə yeni səhifə açdığını, İranın yeni höküməti ilə əməkdaşlıq çərçivəsində qısa zamanda hazırlanaraq imzalanmış qaz mübadiləsi sazişinin, Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün və digər bu kimi layihələrin bunun əyani təzahürü olduğunu bildirib.

Səfir, 44 gün davam edən Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağı azad etməsi nəticəsində, Azərbaycanın İran ilə 132 kilometrlik sərhəd hissəsinin də azad olunduğunu və əməkdaşlıq əlaqələrinin artırılması üçün yeni imkanlar yarandığını vurğulayıb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq və abadlıq işləri haqqında məlumat verən Əli Əlizadə İran şirkətlərini də həmin ərazilərə sərmayə yatırmağa dəvət edib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa ediləcək Rəşt-Astara dəmir yolunun tranzit və nəqliyyat əlaqələrinin artmasına verəcyi tövhəni vurğulayan səfir, hazırda Azərbaycan Hökümətinin sərmayəsi ilə Astarada dəmiryolu yük terminalının tikintisinin davam etdiyini bildirib. Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya bağlantılarının yaradılması haqqında iki dövlət arasında imzalanan sazişin də nəqliyyat və tranzit imkanlarının artmasında böyük rol oynayacağını vurğulayıb. İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi qeyd edib ki, İran ilə Azərbaycan xalqları ortaq tarixi köklərə, mədəniyyətə və adət-ənənəyə malikdirlər. Bu yaxınlıq əməkdaşlıq əlaqələrinin daha ya artırılmasını şərtləndirir. Hər iki dövlətin prezidentinin siyasi xətti daha yaxın iqtisadi əlaqələr qurmaqdan ibarətdir və rəhbərlik etdiyi Palatanın hər zaman ikitərəfli ticari əməkdaşlığın genişlənməsi üçün səyləri artırmağa, iş adamlarının görüşlərinin təşkilinə və qarşılıqlı sərmayələrin həyata keçirilməsinə hazırdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və müştərək layihələr ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti