...

bp Azərbaycanın Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlığını davam etdirəcək

İqtisadiyyat Materials 30 İyun 2022 14:13 (UTC +04:00)
bp Azərbaycanın Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlığını davam etdirəcək

Bakı. Trend:

Bu gün bp şirkəti Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlığının müddətini uzatmaq qərarını elan edib. Yeni sazişə əsasən bp 2024-cü ilin sonuna qədər ölkənin milli komandalarına dəstəyini davam etdirəcək.

İlkin tərəfdaşlıq sazişi London 2012 Oyunlarından əvvəl 2012-ci ilin yanvar ayında imzalanıb və həmin vaxtdan etibarən bu sazişin müddəti 2013, 2016-cı illərdə və indi isə 2024-cü ilə qədər olmaqla üç dəfə uzadılıb. Bu tərəfdaşlıq Azərbaycanda milli idmanın inkişafına dəstək məqsədilə iki komitə ilə sıx əməkdaşlıq üçün əla imkan yaradıb.

Bu gün Bakıda sazişin uzadılması mərasimində çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi:

“Fürsətdən istifadə edərək, Azərbaycan Milli Olimpiya Komitəsini yaranmasının 30 illiyi münasibətilə bp ailəsi adından təbrik edirəm. bp şirkəti də Azərbaycanda məhz bu qədər vaxtdır ki, fəaliyyət göstərir. Ötən 30 il ərzində biz yerli idmanın inkişafı və yüksək səviyyəli beynəlxalq tədbirlərdə uğurla iştirak etmək üçün imkanların yaradılması məqsədilə Azərbaycanda idmana dəstək verən bütün digər tərəflərlə səylərimizi birləşdirmişik.

İndi isə biz Milli Olimpiya və Paralimpiya komandaları ilə əməkdaşlığımızı davam etdirməkdən çox məmnunuq, çünki onlar növbəti Olimpiya və Paralimpiya Oyunlarında daha da böyük uğurlara can atırlar. Faktiki olaraq, Azərbaycan yeganə ölkədir ki, bp burada həm Olimpiya, həm də Paralimpiya hərəkatlarını dəstəkləməyə davam edəcək. Bu, bp-nin ölkənin davamlı inkişaf səylərini dəstəkləməyə və ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə sərmayə qoymağa davam etmək öhdəliyini əks etdirir."

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dedi: “bp və Azərbaycan Milli Olimpiya Komitəsi arasında imzalanan Yerli Tərəfdaşlıq haqqında Saziş Azərbaycanda Olimpiya Hərəkatına dəstək olacaq. Olimpiya Hərəkatının əsasında duran iki əsas məsələdən biri könüllülərin, digəri isə tərəfdaşların fəaliyyətidir. Məhz bu iki istiqamətdəki fəaliyyət Olimpiya Hərəkatını daha da möhtəşəm edir. Biz Azərbaycanın biznes strukturları ilə əməkdaşlıq qurub birgə fəaliyyət etməkdən məmnunuq. İnanıram ki, bu saziş Azərbaycan idmanının inkişafına töhfə verəcək.”

Həmçinin tədbirdə çixiş edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov dedi: “Bu gün imzalanan tərəfdaşlıq haqqında saziş ölkəmizdə paralimpiya hərəkatının inkişafına daha da təkan verəcək. Biz 10 ildən artıqdır ki, bp şirkəti ilə əməkdaşlıq edirik. Bu müddət ərzində birlikdə müxtəlif sosial layihələr, ölkəmizin ev sahibliyi etdiyi paracüdo üzrə beynəlxalq Qran-Prilər, uşaq paralimpiya hərəkatı ilə bağlı keçirilən müxtəlif tədbirlərdə hər zaman bp şirkətinin bizimlə birlikdə olduğunu görmüşük və bundan çox məmnunuq.

“Milli Paralimpiya komandası Tokio XVI Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb. Məqsədimiz qarşıdan gələn Paris Yay Paralimpiya Oyunlarında bu nəticəni ən azı təkrarlamaqdır. Növbəti Paralimpiya Oyunlarına hazırlıq ərəfəsində, qarşıdan gələn beynəlxalq yarışlarda da bp kimi nüfuzlu şirkəti öz aramızda görməyə çox şad olarıq. bp şirkətinin Azərbaycanda Paralimpiya idman növlərini dəstəkləməyə davam etməsi idmanın cəmiyyətdəki hər bir şəxs üçün olduğunu bir daha vurğulamağa yardım edir. Əminəm ki, bp şirkəti ilə aramızda olan münasibətlər bundan sonra da genişlənərək daha da inkişaf edəcək.”

Bu tərəfdaşlıqlardan əlavə, bp həmçinin Azərbaycanın çoxsaylı iri beynəlxalq idman tədbirlərində, o cümlədən müvafiq olaraq 2015 və 2017-ci illərdə Bakıda keçirilmiş birinci Avropa Oyunlarında və dördüncü İslam Oyunlarında, 2020 və 2021-ci illərdə Bakıda keçirilmiş Paracüdo üzrə Dünya Qran-Pri yarışlarında iştirakını dəstəkləmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti