Bakı. Trend:
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidi və Səfirliyin bir qrup əməkdaşı Sumqayıt Kimya Sənaye Parkında olub.
Trend xəbər verir ki,
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin
sədri Elşad Nuriyev səfirlik əməkdaşlarına ölkəmizdə fəaliyyət
göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün
yaradılmış biznes və investisiya mühiti, tətbiq edilən vergi və
gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının
təqdimatı keçirilib.
Azərbaycanla İndoneziya arasında iqtisadi əlaqələrin inkişaf
etdiyini qeyd edən səfir Hildi Hamidi İndoneziya şirkətlərinin
tikininti materiallarının istehsalı və tekstil sahələrində,
işğaldan azad edilmiş ərazilərimizdə yaradılan sənaye parklarında
həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını
bildirib.
Görüşdə İndoneziya şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonda səfirlik əməkdaşları Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Alco” MMC-nin sürkü yağları istehsal müəssisəsində və “STP” MMC-nin Kabel zavodunda istehsal prosesi ilə tanış olublar.