Bakı. Trend:
2022-ci ilin ikinci rübündə SOCAR qazma üzrə əhəmiyyətli artıma nail olub.
SOCAR-dan Trend-ə bildirilib ki, şirkət tərəfindən 20 min metrə yaxın qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5% çoxdur. Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 2 milyard kubmetrə yaxın qaz hasil olunub. Ölkə üzrə ümumilikdə 8,1 milyon tondan çox neft və 11,6 milyard kubmetrdən çox qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 16,7 % artıb.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,9 milyon
tondan çox xam neft, Gürcüstan bazarına isə 144 milyon kubmetrə
yaxın təbii qaz ixrac olunub. Ümumilikdə isə ölkə üzrə qaz ixracı
36% artımla təqribən 5,5 milyard kubmetrə yüksəlib. SOCAR-ın dünya
bazarına ixrac etdiyi neftin həcmi ötən ilin analoji dövrü ilə
müqayisədə 17,6%, Gürcüstana ixrac etdiyi qaz həcmləri isə 48,1%
artıb. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən
əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın
payına düşən neft həcmlərini də ixrac edir.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,2 milyon tona yaxın
neft, 869 milyon kubmetrə yaxın təbii qaz emal olunub. Qaz emalı
ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artıb. Rüb ərzində
SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 403 min
tondan çox neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə
ixrac edilib. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı
ötən ilin analoji dövrü ilə müqayisədə 3% artaraq 2,2 milyard
kubmetr təşkil edib. “Karbamid” və “Metanol” zavodlarının istehsal
həcmlərinin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin
yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.
Qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə
yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı
istinadlarda göstərilib.
19.874 metr
1.940.164 ton
1.955.624.516 kubmetr
8.126.031 ton
11.613.518.460 kubmetr
4.934.277 ton
143.797.469 kubmetr
5.454.456.000 kubmetr
1.151.720 ton
868.848.122 kubmetr
403.484 ton
2.223.116.000 kubmetr