...

Azərbaycan aeroportlarında ötən ay yarım milyondan çox sərnişinə xidmət göstərilib

İqtisadiyyat Materials 9 Avqust 2022 17:21 (UTC +04:00)
Azərbaycan aeroportlarında ötən ay yarım milyondan çox sərnişinə xidmət göstərilib

Bakı. Trend:

Azərbaycanın beynəlxalq hava limanları 2022-ci ilin iyul ayında 578 min sərnişinə xidmət göstərib. Bu göstərici 2021-ci ilin analoji dövrünün göstəricisindən 87% çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, beynəlxalq reyslərdə 482 min nəfərə – ötən illə müqayisədə iki dəfədən çox sərnişinə xidmət göstərilib.

Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və Buta Airways qeyd edilən müddət ərzində beynəlxalq reyslərdə 211 min sərnişinə, yəni beynəlxalq daşımaların ümumi sayının 44%-nə xidmət göstərib.

2022-ci ilin iyul ayında Bakı hava limanına 30 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Həmçinin bu ay Aktobedən Bakıya “Qazaq Air” aviaşirkətinin birbaşa reysləri açılıb.

İyul ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Antalya, Dubay, Tbilisi, Ər-Riyad, Abu Dabi, Şərcə, İzmir və Dammam daxil olub. Bu istiqamətlər üzrə ümumilikdə 300 min nəfərə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards” Beynəlxalq Agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.

Bundan əlavə, “Skytrax” tərəfindən Bakı hava limanı yüksək “5 ulduz” reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti