...

Azərbaycanla Qırğızıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçirilib

İqtisadiyyat Materials 16 Avqust 2022 15:10 (UTC +04:00)
Azərbaycanla Qırğızıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçirilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Avqustun 16-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclası keçirilib.

Trend-in məlumatına görə, Baş nazirin müavini, Komissiyasının Azərbaycan tərəfdən həmsədri Əli Əhmədovun və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, Komissiyanın Qırğızıstan tərəfdən həmsədri Bakıt Torobayevin sədrlik etdikləri iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

İclasın məhdud tərkibdə keçirilən hissəsində gündəlikdə duran, həmçinin iki ölkə arasında praktiki əməkdaşlığın müxtəlif aspektləri ilə bağlı konkret məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Tədbirin əsas hissəsini giriş sözü ilə açan Baş nazirin müavini Ə.Əhmədov Azərbaycan-Qırğızıstan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə etdi.

İkitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və bu səfərlər zamanı əldə edilən razılaşmaların və imzalanan sənədlərin müstəsna rolunu qeyd edən Ə.Əhmədov Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprel ayında Azərbaycana rəsmi səfəri zamanı dövlət başçıları tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdığını bildirdi.

İki ölkə arasında fəal siyasi dialoqun aparıldığı, Azərbaycan və Qırğızıstanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirdiyi və bir-birini dəstəklədiyi vurğulandı.

Azərbaycan-Qırğızıstan xarici ticarət dövriyyəsinin hazırkı həcminin, mövcud iqtisadi əlaqələrin ölkələrin real imkanlarına cavab vermədiyi diqqətə çatdırıldı. Bu baxımdan işgüzar əlaqələrin qurulması və inkişafı, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın konkret istiqamətlərinin müəyyən edilməsi məqsədilə birgə işgüzar tədbirlərin təşkilinin, sahibkarlıq fəaliyyəti üçün qarşılıqlı əlverişli şərait yaradılmasının, müştərək iqtisadi və investisiya layihələrinin təşviqinin vacibliyi qeyd edildi.

Ə.Əhmədov, eyni zamanda, Azərbaycan-Qırğızıstan əlaqələrinin digər istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat-tranzit, energetika, sənaye, mədəni-humanitar sahələrdə inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşdü.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə danışan Baş nazirin müavini 30 il işğal altında qalan və 44 günlük Vətən müharibəsi nəticəsində azad olunun əzəli Azərbaycan torpaqlarında hərbi cinayətlərin törədildiyini, Azərbaycan xalqının mədəni-mənəvi irsinin məhv edildiyini diqqətə çatdırdı.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geoiqtisadi reallıqlar barədə söhbət açan Ə.Əhmədov regionda nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektivlər vəd etdiyini və bütün bölgə ölkələri üçün faydalı olacağını vurğuladı.

Azərbaycanın maksimum konstruktivlik və xoş məram nümayiş etdirərək Ermənistan ilə münasibətləri normallaşdırmağa, sülh sazişi imzalamağa və sərhədlərin delimitasiyasına hazır olduğu bildirildi.

Təəssüflə qeyd olundu ki, Ermənistanın öz öhdəliklərinə əməl etməməsi regionda gərginliyin əsas səbəbidir. Ermənistan ordusunun və qanunsuz erməni hərbi birləşmələrinin ünsürləri hələ də Azərbaycan ərazisindən tam çıxarılmayıb ki, bu, rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması deməkdir.

Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev Azərbaycan ilə Qırğızıstan arasında ali səviyyədə siyasi dialoqun inkişaf etdiyini, ticari-iqtisadi sahədə əməli əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bildirdi.

B.Torobayev Azərbaycanın biznes dairələrini Qırğızıstanda investisiya imkanlarını fəal öyrənməyə çağırdı, bunun, iki ölkə arasında işgüzar əməkdaşlığın fəallaşmasına kömək edəcəyinə əminliyini ifadə etdi.

İclasda, həmçinin hər iki ölkənin nümayəndə heyəti üzvlərinin məruzələri dinlənildi, gündəlikdə duran məsələlər ətrafında geniş müzakirələr aparıldı.

Sonda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclasının Protokolunu imzaladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti