...

Şuşaya alternativ mənbədən suyun verilməsinə başlanılıb (FOTO)

İqtisadiyyat Materials 23 Dekabr 2022 11:04 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi uğurla davam etdirilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə şəhərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə yaradılan alternativ su mənbəyindən şəhərə suyun verilməsinə başlanılıb.

"Azərsu"dan Trend-ə verilən məlumata görə layihəyə əsasən, Şuşa rayonu Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmər inşa edilib. Artıq nasos stansiyası işə salınıb və mənbədən götürülən su Şuşa şəhərindəki mövcud anbarlara qaldırılaraq buradan şəhər şəbəkəsinə ötürülür.

Nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 105 kubmetr təşkil edən 4 ədəd aqreqat quraşdırılıb. Hazırda şəhərin tələbatına uyğun olaraq 2 aqreqat istismar olunur. Sutoplayıcı bənddən götürülən su nasoslar vasitəsilə 26-27 atmosfer təzyiqlə Şuşa şəhərində yerləşən anbarlara nəql olunur və buradan özüaxımlı rejimdə şəbəkəyə ötürülür. Bununla da şəhərdəki obyektlər, hotellər və digər ictimai-iaşə müəssisələri, yaşayış olan evlər və dövlət qurumlarının inzibati binaları 24 saat içməli su ilə təmin edilir.

Qeyd edək ki, Şuşa şəhərinin içməli su mənbələri olan Kiçik Kirs və Zarıslı mənbələrində qış və yay aylarında məhsuldarlığın azalması müşahidə olunur. Yeni yaradılmış alternativ mənbə həmin dövrlərdə şəhərin içməli su təchizatının fasiləsiz rejimdə aparılmasına hesablanıb.

Xatırladaq ki, Şuşa şəhəri işğaldan azad olunan zaman şəhəri içməli su ilə təmin edən magistral su kəmərləri məqsədli şəkildə sıradan çıxarılmışdı. Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri qısa müddətdə bərpa edilib, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən şəhərə suyun verilməsi təmin olunub, şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb. Hazırda “Azərsu” ASC tərəfindən Şuşa şəhəri, Kəlbəcər, Laçın, Zəngilan rayonları və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti