Bakı. Trend:
Vergi Məcəlləsində son dəyişikliklərdə vergi ödəyicilərinin mənafelərinə xidmət edən bir sıra dəyişikliklər edilib. Onlardan biri də hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatlarının təqdim olunmamasına görə tətbiq edilən maliyyə sanksiyasının ləğv olunması ilə bağlıdır.
Döğvlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, təcrübədə bir
sıra vergi ödəyiciləri (xüsusilə mikro sahibkarlıq subyektləri) bir
çox hallarda sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan
əməliyyatının olmaması barədə arayışı təqdim etmir (əksər hallarda
qanunvericiliyin tələblərini bilməməsi səbəbindən) və vergi orqanı
tərəfindən həmin şəxslərə 40 manat məbləğində maliyyə sanksiyası
tətbiq olunurdu. Bu isə vergi öhdəliyi yaranmayan vergi
ödəyicilərinin maliyyə itkilərinə məruz qalmasına səbəb olurdu.
Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, bundan sonra maliyyə
sanksiyaları yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən
azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan,
yəni vergi hesabatları vermək öhdəliyi olan vergi ödəyicisi
tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə
təqdim edilməməsinə görə tətbiq olunacaq.
Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olmaması barədə arayışı təqdim etməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilməyəcək.