...

Menecerlərin ixtisasının artırılması proqramı üzrə əməkdaşlıq genişləndirilir (FOTO)

İqtisadiyyat Materials 15 Fevral 2023 10:09 (UTC +04:00)
Menecerlərin ixtisasının artırılması proqramı üzrə əməkdaşlıq genişləndirilir (FOTO)

Bakı. Trend:

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”nda bir sıra yeniliklər nəzərdə tutulur. Belə ki, növbəti aylarda Almaniya tərəfi proqramda daha çox azərbaycanlı sahibkar və menecerlərin iştirakına şərait yaradacaq. Digər bir yenilik isə proqrama “ağıllı kənd təsərrüfatı”, “yaşıl iqtisadiyyat” və “Sənaye 4.0” kimi yeni istiqamətlərin əlavə edilməsidir ki, bu sahələrdə menecerlərimiz üçün təlimlər və təcrübə keçiriləcək.

Bu barədə Berlində keçirilmiş “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”nın Müşahidə Şurasının 3-cü iclasında razılıq əldə edilib.

İclasda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və nazirliyin əməkdaşları, Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi, proqramın Azərbaycan tərəfindən əlaqələndiricisi olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və GİZ-in nümayəndələri iştirak ediblər.

Tədbirdə 2009-cu ildən uğurla həyata keçirilən Almaniya-Azərbaycan Birgə Proqramının Azərbaycan sahibkarlarına inkişaf üçün əlavə imkanlar yaratdığı, indiyədək 500-dən çox sahibkar və menecerin proqramdan yararlandığı diqqətə çatdırılıb. İclasda KOBİA tərəfindən son 3 ildə proqram çərçivəsində görülmüş işlərə dair hesabat təqdim olunub, Agentlik tərəfindən proqram iştirakçıları arasında keçirilmiş sorğunun nəticələri açıqlanıb.

Xatırladaq ki, Almaniya-Azərbaycan Birgə Proqramında iştirak etmək istəyən azərbaycanlı sahibkar və menecerlərin müraciətləri il ərzində KOBİA tərəfindən elektron qaydada qəbul edilir (https://smb.gov.az/az/nav/beynelxalq-ixtisasartirma-kursu).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti