...

Energetika naziri Almaniyada bir sıra ikitərəfli görüşlər keçirib (FOTO)

İqtisadiyyat Materials 28 Mart 2023 20:02 (UTC +04:00)

Bakı. Trend:

Almaniyada “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər keçirib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Almaniyanın İqtisadi Məsələlər və İqlim Fəaliyyəti üzrə Federal Nazirliyinin dövlət katibi Anja Hajduk ilə görüşdə enerji təhlükəsizliyi ilə bağlı reallıqların Cənub Qaz Dəhlizinin ötürcülük gücünün artırılmasını aktuallaşdırdığı, Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığı çərçivəsində layihənin inkişafının dəstəkləndiyi qeyd edilib. 2027-ci ilədək dəhlizin genişləndirilməsi ilə əlaqədar proseslərin sürətləndirilməsinin və maraqlı tərəflərin səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanın xarici investorlar ilə 2030-cu ilədək reallaşdıracağı “yaşıl enerji” layihələri və Xəzər dənizinin külək enerjisinin Avropaya ötürülməsi üçün Azərbaycan, Gürcüstan, Rumınıya və Macarıstanla birgə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

İsrailin Energetika Nazirliyinin baş direktoru Yaakov Blitshtein ilə görüşdə isə hər iki ölkənin təbii qaz və “yaşıl enerji”nin istehsalı və Avropaya ixracı ilə bağlı inkişaf planlarına dair fikir mübadiləsi aparılıb. İsrailin neft idxalında əhəmiyyətli mövqeyə malik ölkəmizlə enerji əməkdaşlığının inkişafı üçün prioritet istiqamətlərdən bəhs edilib. İsrailin ekoloji təmiz enerji texnologiyaları sahəsində ixtisaslaşmış şirkətləri Azərbaycanla əməkdaşlığa dəvət edilib.

Tədbir çərçivəsində energetika nazirinin Moldovanın energetika nazirinin müavini Karolina Novak ilə də görüşü olub. Söhbət zamanı iki ölkə arasında enerji əməkdaşlığının perspektivləri, Aİ ilə enerji dialoqu məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

“Uniper” şirkətinin vitse-prezidenti Michael Hilmer ilə görüşdə isə qaz təchizatı, enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Şirkətlə mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. 2045-ci ilə qədər Azərbaycan qazının əsas alıcılarından biri olan “Uniper” şirkətinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi və bu marşrutla qaz tədarükünün artırılmasında, həmçinin yaşıl enerji və yaşıl hidrogen üzrə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.

Nazir Pərviz Şahbazov həmçinin “Siemens Energy” şirkətinin baş vitse-prezidenti Ariel Porat ilə də görüşüb. Yaşma ərazisində tikintisi nəzərdə tutulan qoyuluş gücü 500 MVt olan qaz-turbiin elektrik stansiyası layihəsi və Azərbaycanda istehsal olunan yaşıl elektrik enerjisinin Avropa istiqamətində ötürülməsində əməkdaşlıq imkanları müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti