...

Azərkosmos Özbəkistanda keçirilən “Kosmik texnologiyalar konfransı”nda iştirak edir (FOTO)

İqtisadiyyat Materials 25 Aprel 2023 17:08 (UTC +04:00)
Azərkosmos Özbəkistanda keçirilən “Kosmik texnologiyalar konfransı”nda iştirak edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun nümayəndə heyəti 25-27 aprel tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Kosmik texnologiyalar konfransı”nda iştirak edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Avrasiya regionunda artıq növbəti dəfə keçirilən bu tədbirdə regionun kosmik agentlikləri və beynəlxalq kosmik ictimaiyyətin maraqlı tərəfləri təmsil olunur. Konfransın gündəliyində beynəlxalq əməkdaşlıq, sürətlə böyüyən qlobal kosmik sənayenin imkanları, müşahidə və rabitə peykləri, onların tətbiq sahələri, kosmik sahədə innovasiyalar və bu sahəyə qoyulan investisiyalar barədə müzakirələr yer alıb.

Konfransın ilk günündə türk dövlətlərinin kosmik agentliklərinin və qurumlarının rəhbərlərinin ikinci işgüzar toplantısı keçirilib. 2021-ci ildə Bakıda keçirilən “Türk dövlətlərinin kosmik nümayəndələrinin birinci Bakı forumu”nun davamı olaraq baş tutan toplantıda kosmik sahə üzrə yeni əməkdaşlıqlar, kosmosdan sülh və kommersiya məqsədilə qarşılıqlı işgüzar münasibətlərin qurulması, yeni kosmik texnologiyalar və tətbiqlər əsas mövzular sırasında yer alıb.

Azərkosmosun sədri Saməddin Əsədov “Regional əməkdaşlıq, beynəlxalq investisiya və kosmik sənayenin davamlı inkişafı”na həsr olunmuş sessiyada çıxış edib. S.Əsədov çıxışında ölkəmiz üçün kosmik sahənin əhəmiyyətindən, son 10 il ərzində Azərbaycanın kosmik sahədəki fəaliyyəti, peyklərin resursları vasitəsilə Avropa, Afrika və Mərkəzi Asiya ölkələrində həyata keçirilən layihələr və yeni imkanlardan bəhs edib. Tədbirdə qonaqlara 2023-cü ildə paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycan, xüsusilə regionda kosmik sahənin inkişafına stimul olacağı bildirilib. Görüş vasitəsilə Türk dövlətlərinin kosmik ictimaiyyəti, o cümlədən gəncləri Bakıda keçiriləcək Konqresə dəvət olunub.

Panel müzakirələri ilə davam edən “Kosmik texnologiyalar konfransı”nın növbəti günlərində kosmik sənaye üzrə regional və beynəlxalq səviyyədə bazar tendensiyaları, coğrafi informasiya sistemlərinin rəqəmsal transformasiyada rolu, peyklərin ölkələrin dayanıqlı sosial-iqtisadi inkişafdakı imkanlarına dair mövzular müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti