...

ADA Universitetinin Fondu “PAŞA Bank” ilə yeni layihəyə başlayır

İqtisadiyyat Materials 4 Dekabr 2023 09:57 (UTC +04:00)
ADA Universitetinin Fondu “PAŞA Bank” ilə yeni layihəyə başlayır

Bakı. Trend:

ADA Universiteti və ADA Universitetinin Fondu illər ərzində cəmiyyətin ümumi inkişafına və maraqlarına xidmət edərək, müxtəlif istiqamətdə korporativ sosial məsuliyyət yönümlü layihələr keçirir.

Bu xidmətin davamı olaraq ADA Universitetinin Fondu ölkənin aparıcı maliyyə institutu “PAŞA Bank”la olan uzunmüddətli əməkdaşlığını genişləndirərək həyata keçirdiyi layihələrin sırasına daha bir yenisini əlavə edir.

Budəfəki layihənin məqsədi valideyn himayəsindən məhrum yeniyetmə qızlara təhsil vermək, onlara gələcəkdə ala biləcəkləri təhsilin nümunə modelini göstərmək, həmçinin qızları fərqli peşə və sahələr ilə əyani olaraq tanış etməkdir. Layihənin dəstəkçilərindən olan "İZ" Qadınlar İcması da onların sosial yönümdən inkişafına fayda verəcək.

Dekabrın 18-dən 22-dək baş tutacaq layihə öz sosial əhəmiyyəti ilə xüsusi olaraq seçilir. Belə ki, layihə çərçivəsində orta məktəbin 6-cı sinfində oxuyan qızlar layihəyə cəlb olunacaqlar. Onların universitetə qədər olan müddət ərzindəki təhsil xərcləri qarşılanacaq, qızlara mənəvi dəstək göstəriləcək və onların təhsil yolu ilə güclənməsinə dəstək olunacaq.

Layihə çərçivəsində 10-15 nəfər gənc üçün bir həftəlik təlim proqramı təşkil olunacaq. Müxtəlif sahələri təmsil edən peşəkar qadınların, psixoloq və həkimlərin də təlimlərə cəlb olunması nəzərdə tutulur. Həmçinin öz fəaliyyətləri ilə nümunə təşkil edən tanınmış ziyalılar, millət vəkilləri, məşhur simalar da bu işə cəlb olunacaq, öz uğur hekayələrini məktəbli qızlarla bölüşəcəklər. Əlavə olaraq, fərqli məkanlara ekskursiyalar, görüşlər, seminar və təlimlərin keçirilməsi planlaşdırılır.

İnanırıq ki, çox böyük əhəmiyyət kəsb edən bu maraqlı təşəbbüs, iştirak edəcək gənclərin şəxsi inkişafı, dünyaya baxış bucağı və özünə inam hissini təşviq etməkdə mühüm rol oynayacaqdır. İştirakçıların öz potensiallarını tanımaq və daha öncə düşünmədikləri, lakin əldə edə biləcəkləri imkanlar haqqında məlumatı layihə vasitəsi ilə onlara düzgün şəkildə çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti