...

“PAŞA Bank”ın dəstəyi ilə “Bebras” informatika yarışı keçirilib (FOTO)

İqtisadiyyat Materials 11 Dekabr 2023 14:54 (UTC +04:00)
“PAŞA Bank”ın dəstəyi ilə “Bebras” informatika yarışı keçirilib (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın dəstəyi ilə şagirdlər üçün “Bebras” İnformatika və Alqoritmik düşüncə yarışı keçirilib.

Beynəlxalq “Bebras” İnformatika və Alqoritmik müsabiqəsi proqramlaşdırma bilikləri tələb etmədən şagirdlərin alqoritmik və məntiqi təfəkkürünü qiymətləndirmək məqsədi daşıyan layihədir. Müsabiqə şagirdlərə informatika ilə yanaşı məntiq və riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirməyə və sağlam rəqabət aparmağa imkan yaradır. Onlayn müsabiqə zamanı 2-10-cu sinif şagirdləri 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun əyləncəli formada müxtəlif tapşırıqların həllinin tapılması üçün yarışıblar.

“ÖzünÖyrən” tədris platformasının təşkilatçılığı ilə keçirilən “Bebras” yarışında iştirak etmək üçün 270 məktəb qeydiyyatdan keçib. Bu siyahı Bakı, Naxçıvan, Gəncə, Quba, Kəlbəcər, Ağdam, Göygöl, Lerik, Cəlilabad, Lənkəran, İsmayıllı və digər bölgələr də olmaqla 61 şəhər və rayonu əhatə edib.

Müsabiqədə ən yüksək bal toplamış şagirdlər 2024-cü ildə keçiriləcək final mərhələsinə dəvət ediləcəklər.

Qeyd edək ki, “Bebras” müsabiqəsi 2004-cü ildən başlayıb və hər il dünyanın 70-dən çox ölkəsindən yüz minlərlə şagird bu yarışda iştirak edir. Azərbaycan bu müsabiqədə 2013-2016-cı illərdə aktiv iştirak edib.

Xəbər lenti

Xəbər lenti