...

Rəqəmsal texnologiyaların tətbiqi Orta Dəhlizin inkişafına təkan verə bilər - Mamanbiy Omarov (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 26 Dekabr 2023 11:58 (UTC +04:00)
Aydan Məmmədova
Aydan Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal texnologiyaların tətbiqi Orta Dəhlizin inkişafına təkan verə bilər.

Bu barədə Trend-ə özəl müsahibəsində Özbəkistanın nəqliyyat nazirinin birinci müavini Mamanbiy Omarov deyib.

Orta Dəhlizin rəqəmsal transformasiyası

M.Omarov Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə məlumat və sənəd mübadiləsində rəqəmsal transformasiyanın zamanın tələbi olduğunu və dəhlizin inkişafına güclü təkan verə biləcəyini qeyd edib.

"Rəqəmsal transformasiya gömrük rəsmiləşdirməsi, yüklərin izlənilməsi, yerlərinin monitorinqi və nəqliyyat marşrutunun infrastrukturunun idarə olunmasına kömək göstərə bilər. Bu, eyni zamanda, ləngimələri qısalda və yük daşımalarının ümumi effektivliyini yaxşılaşdıra bilər. Rəqəmsal məlumat mübadiləsinin tətbiqinin mühüm stimulları yüklərin izlənməsinin təhlükəsiz və şəffaf sistemlərinin, eləcə də, dəhliz iştirakçıları arasında qanuni məlumat mübadiləsinin təmin olunmasıdır", - o deyib.

M.Omarov bu sistemin tətbiqinin uğurlu nümunəsi olaraq Özbəkistanla Türkiyə arasında tətbiq olunan "E-PERMIT" elektron sistemini, eləcə də, Qazaxıstan, Qırğızıstan və Tacikistan kimi ölkələrlə tətbiq olunan "E-TIR" elektron kitabçasının tətbiqini misal çəkib.

"Beləliklə, 17 noyabr 2020-ci ildə Özbəkistan və Qazaxıstan arasında elektron təminatların tətbiq olunduğu (E-TIR) ilk pilot avtomobil daşımaları baş tutub. Sonrakı analoji daşınmalar Özbəkistanla Tacikistan arasında, 2022-ci ilin mart ayında isə Qırğızıstan Respublikası ilə sınaqdan keçirilib.

Bundan başqa, 2022-ci ilin dekabr ayında Özbəkistanla Azərbaycan arasında Beynəlxalq Yük Daşımaları (BYD) Konvensiyasının 11-ci əlavəsinə uyğun olaraq dünyada "E-TIR" sistemi üzrə ilk daşınmalar həyata keçirilib. Beləliklə, Özbəkistanın aparıcı elektron BYD vasitələrinin tam və sürətli tətbiqinə və onların əsasında mütəmadi fəaliyyətə keçidə tam hazırlığı təsdiqlənib. Bu ilin avqust ayının 22-də Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi arasında "е-Рermit" informasiya sisteminin tətbiqi üzrə əməkdaşlıq haqqında Protokol imzalanıb", - deyə Omarov bildirib.

O, avtomobil daşınmalarının sadələşdirilməsi məqsədilə elektron məlumat mübadiləsinə keçidin xüsusən dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələri üçün vacib olduğunu, dəniz limanlarına və dünya bazarlarına çıxış imkanının yaxşılaşdırılması üçün quru yollarının inkişafına imkan verdiyini qeyd edib.

Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılması imkanı

M.Omarov son illər ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olduğunu qeyd edib.

"Özbəkistan prezidenti Şavkat Mirziyoyev 2023-cü ilin iyun ayında "Mərkəzi Asiya - Avropa İttifaqı" liderlərinin görüşündə çıxışında Mərkəzi Asiya və Avropanın nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı məqsədilə, ölkələrin ilk növbədə Orta Dəhlizi formalaşdırmaqla səylərinin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Buuna baxmayaraq, çatdırılma müddəti, daşımaların yüksək qiyməti, marşrutun ötürücülk imkanlarının məhdudluğu ilə bağlı problemlər, eləcə də, Xəzər dənizinin dayazlaşması ilə bağlı qlobal problem mövcuddur", - deyə o açıqlayıb.

M.Omarov əlavə edib ki, 2022-ci ildə yük daşımalarının həcmi iki dəfədən çox artaraq, təqribən 1 milyon ton təşkil edirdisə, bu ilin 9 ayı ərzində təəssüf ki, bu göstərici 22 faiz azalaraq, 500 min tonu azca ötüb.

Qeyd olunan problemlərin aradan qaldırılması üzrə tədbirlər qismində o aşağıdakı tədbirləri sadalayıb:

- Dəhlizin potensialından birgə istifadə mexanizminin hazırlanması, eləcə də, region və Avropa İttifaqı ölkələrinin nəqliyyat idarələrinin nümayəndələrinin mütəmadi görüşlərinin təşkili;

- infrastrukturun ötürücülük imkanlarının, eləcə də Xəzər dənizində dəniz gəmilərinin sayının artırılması üzrə səylər;

- bütün marşrut boyu çevik tarif siyasətindən istifadə;

- Xəzər dənizinin sahil limanlarında dib dərinləşdirmə işlərinin keçirilməsi üzrə fəaliyyətin gücləndirilməsi;

- malların və müşayiətedici sənədlərin gömrük rəsmiləşdirməsi prosedurlarının "E-Permit", "E-TIR" və "E-Transit" kimi rəqəmsal tətbiqinin sürətləndirilməsi.

Orta Dəhlizin ötürücülük imkanlarının artırılması

Orta Dəhlizin ötürücülük imkanlarının artırılması imkanından danışan M.Omarov əlavə quru yolunun inkişafı və TBNM-ə "Cənubi Asiya ölkələrinin (Hindistan, Pakistan) - Əfqanıstan - Özbəkistan - Azərbaycan - Gürcüstan - Türkiyə - Aİ" istiqamətinin qoşulması ilə Cənubi Asiya ölkələrindən Aİ-dək bu istiqamətdə yüklərin çatdırılma müddətinin hazırki dəniz daşımaları ilə müqayisədə 2-3 dəfə qısalacağını qeyd edib.

"Müvafiq olaraq, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, marşrutların optimallaşdırılması, o cümlədən tarif preferensiyalarının təmin olunması üzrə əlverişli şəraitin təmin olunması, daşıma sənədinin unifikasiyası üzrə rəqəmsal həllərin və digər tədbirlərin tətbiqi çatdırılma müddətini və malların dəyəri baxımından nəqliyyat xərclərininin payını əhəmiyyətli dərəcədə azalda bilər.

Bu isə öz növbəsində ticarətin inkişafına təkan verə və ölkələrin iqtisadiyyatına əlverişli təsir göstərə bilər. Lakin bu məqsədlərə nail olmaq üçün maşrutun keçdiyi bütün ölkələrin fəal əməkdaşlığı lazımdır", - o deyib.

Bundan başqa, M.Omarov bu gün Özbəkistanın "Şimal-Cənub" və "Şərq-Qərb" kimi iki böyük ticarət marşrutlarının kəsişməsində əlavə yeni alternativ dəhlizlərin formalaşdırılması üzrə aktiv siyasət yeritdiyini vurğulayıb.

Hind okeanı limanlarına çıxışa malik olan "Özbəkistan "Belarus-Rusiya-Özbəkistan-Əfqanıstan-Pakistan" yeni multimodal nəqliyyat dəhlizi ilə yük daşımalarının təşkili üzrə təşəbbüsü fəal şəkildə təşviq edir.

MDB ölkələrinin dəmir yolu stansiyalarından Əfqanıstana, daha sonra isə Əfqanıstan ərazisi ilə avtomobil nəqliyyatı ilə Pakistana və Hind okeanının limanlarına çıxışla qarışıq nəqliyyata növləri ilə daşımaların həyata keçirilməsi nəzərdə tutulur", - deyə o bildirib.

M.Omarov bu gün dünyanın əsas limanlarında böyük yüklənmənin müşahidə olunduğunu və bununla əlaqədar olaraq yüklərin real çatdırılma müddətinin əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

"Müvafiq olaraq, marşrutların dəniz nəqliyyat növündən quru - dəmir yolu və avtomobil - nəqliyyatına yönləndirərək, yeni alternativ multimodal quru nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üzrə böyük potensial mövcuddur", - o deyib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu, qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

"Çin - Qırğızıstan - Özbəkistan" və "Özbəkistan - Əfqanıstan - Pakistan" dəmir yollarının inkişafı

Digər perspektiv yol layihələrindən danışan Omarov Mərkəzi Asiya, Qafqaz, Avropa və Asiya ölkələrinin nəqliyyat sisteminin inkişafında böyük təkanverici qüvvəyə çevrilə biləcək layihələrin olduğunu qeyd edib.

"Bu cür layihələrin reallaşdırılmasının parlaq nümunələri olaraq Çin - Qırğızıstan - Özbəkistan dəmir yolunun tikintisini, eləcə də, Özbəkistanın irəli sürdüyü "Pakistan - Əfqanıstan - Özbəkistan" dəmir yolu xəttinin tikintisi üzrə layihəni göstərmək olar. Bu dəhlizin potensialının təhlili "Çin - Qırğızıstan - Özbəkistan" dəmir yolu xəttinin regionları bir dəmir yolu şəbəkəsi ilə birləşdirməklə bir neçə müsbət aspektə malik olduğunu göstərir, - o deyib.

Omarov bu layihələrin üstünlüklərindən biri olaraq Çin və Avropanı "Asiya - Sakit Okean ölkələri - Çin - Qırğızıstan - Özbəkistan - Türkmənistan - Azərbaycan - Türkiyə - Aİ ölkələri" marşrutu üzrə birləşdirən alternativ dəhlizlərin yaranma imkanını qeyd edib.

"İkincisi, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, İran, Əfqanıstanın Çin və Asiya - Sakit Okean ölkələri ilə ixrac-idxal əlaqələrinin inkişafı üçün alternativ dəhliz yaranır.

Üçüncüsü, Özbəkistan-Əfqanıstan - Pakistan dəmir yolu xəttinin tikintisi üzrə layihəni həyata keçirdikdə, həmçinin, ən çox əhaliyə malik ölkələr olan Hindistanla Çini Cənubi Asiya ölkələri (Hindistan-Pakistan) - Əfqanıstan - Özbəkistan - Qırğızıstan - Çin" marşrutu üzrə əlaqələndirmək imkanı yaranır", - o deyib.

M.Omarov qeyd olunan layihələrin inkişafının Mərkəzi Asiya regionu ölkələrinin, o cümlədən, Özbəkistanın tranzit potensialının artmasına və Hindistan - Pakistan - Əfqanıstan - Özbəkistan - Qazaxıstan - Azərbaycan- Gürcüstan/Türkiyə - Avropa İttifaqı istiqamətində yeni multimodal nəqliyyat-tranzit rəqəmsal dəhlizlərinin formalaşmasına səbəb olacağını deyib.

"Özbəkistan perspektivdə Şimal-Cənub və Şərq-Qərb istiqamətlərinin kəsişmə nöqtəsi ola bilər. Bu zaman ölkə ərazisi və bütünlükdə Mərkəzi Asiya vahid böyük logistika habı - dünya əhəmiyyətli bazar olaraq nəzərdən keçiriləcək

Yaxın perspektivdə nəqliyyat sahəsinin inkişafı və dəmir və avtomobil yollarının dünya şəbəkəsinə inteqrasiya üzrə düzgün strategiya qurmaqla nəqliyyat sahəsində əsas göstəricilər əldə olunacaq ki, bu da yük dövriyyəsinin potensial artımına, yüklərin sürətli çatdırılmasına, tranzit yüklərinin həcminin və sərnişin dövriyyəsinin, həmçinin, tranzit yüklərinin axınının artmasına səbəb olacaq. Bu isə öz növbəsində Mərkəzi Asiya regionunun cəlbediciliyinin və regiondakı nəqliyyat marşrutlarının rəqabət qabiliyyətinin yüksəlməsi ilə nəticələnəcək", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti