...

Mastercard Azərbaycanda mobil nömrə vasitəsilə pul köçürmələri imkanı üzərində aktiv şəkildə çalışır (ÖZƏL)

İqtisadiyyat Materials 30 Dekabr 2023 09:53 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mastercard qlobal ödəniş sistemi Azərbaycanda mobil nömrə vasitəsilə pul köçürmələrinin aktivləşdirilməsi üzərində fəal şəkildə çalışır.

Bu barədə Trend-ə özəl müsahibəsində MasterCard-ın Azərbaycan və Türkiyə üzrə baş direktoru Avşar Gürdal deyib.

Onun sözlərinə görə, hazırda Mastercard bu məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq edir.

"Masterpass ənənəvi prosesi təkrar qiymətləndirməklə, müştərilərin mobil telefon nömrəsinə pul köçürmələrinə imkan verən həldir. Misal üçün, alıcının 16 rəqəmli bank kartının kodunu daxil etmədən, sadəcə həmin şəxsin mobil telefon nömrəsini daxil etməklə öz smartfonunuzdan vəsait köçürə bilərsiniz. Alıcılar yalnız telefon nömrələrini qeyd etməklə vəsaiti öz bank hesablarında qəbul edəcəklər. Bu, qarşılıqlı komfort üçün prosesi əhəmiyyətli dərəcədə sadələşdirir. Biz artıq mövcud olan informasiyadan - mobil telefon nömrəsindən - istifadə etməklə pul köçürməsini mümkün etdik. Bank kartları barədə informasiya fon rejimində şifrələnir, tranzaksiyalar isə Masterpass vasitəsilə həyata keçirilir. Burada təhlükəsizlik ilk yerdə dayanır. Faktiki olaraq, biz Masterpass-ı Azərbaycanda elektron kommersiyanın sadələşdirilməsi üçün tətbiq etdik. Lakin bu həll elektron kommersiya ilə məhdudlaşmayacaq, o, yalnız pul köçürmələri üçün tətbiq olunacaq. Masterpass təkcə Azərbaycan bankları arasında pul köçürmə əməliyyatları üçün deyil, həm də mobil telefon nömrəsindən istifadə etməklə Türkiyə və digər ölkələrdə qeydiyyatdan keçmiş bank hesablarına pul köçürmək üçün istifadə olunacaq. Hansı üstünlükləri gözləmək olar? Həm ölkə daxilində, həm də ölkədən kənarda pul köçürmələri eyni cür işləniləcək ki, bu da istehlakçıların həyatını asanlaşdıracaq. Biz hazırda bu məsələ üzərində fəal şəkildə çalışırıq", - deyə o qeyd edib.

Qeyd edək ki, Mastercard dünyanın 210 ölkəsində 2,3 milyarddan çox hesab sahibini özündə birləşdirən aparıcı qlobal texnologiya şirkətdir. Şirkət 390 mlyard ABŞ dollarından çox bazar kapitalına malikdir və Kantar 2023 versiyasına görə dünyanın 10 qiymətli qlobal brendləri arasına daxildir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti