...

bp-nin “Şəfəq” layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin ilkin variantı hazırlandı və dərc edildi

İqtisadiyyat Materials 20 Fevral 2024 09:00 (UTC +04:00)
bp-nin “Şəfəq” layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin ilkin variantı hazırlandı və dərc edildi

Bakı. Trend:

bp “Şəfəq” layihəsinin icraçısı kimi elan edir ki, layihə üzrə iş proqramı çərçivəsində “Şəfəq” layihəsi üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantı hazırlanıb və dərc edilib.

Bu sənəddə “Şəfəq” layihəsi üzrə aparılacaq fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.

Azərbaycanın cənub qərbində yerləşən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” layihəsi çərçivəsində fotovoltaik (PV) günəş elektrik stansiyasının yaradılması məqsədi daşıyan bu layihə üzrə işlər bp şirkəti tərəfindən aparılır. Layihə üzrə tikinti işlərinin 2024-cü ilin ikinci yarısında başlanacağı və bu işlərin təxminən 18 ayadək davam edəcəyi gözlənilir.

PV günəş elektrik stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavatt dəyişən cərəyan ( MVtAC ) gücünə malik olacaq. Layihəyə 240 MVtAC gücündəki PV günəş elektrik stansiyasının layihələndirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir.

Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəy və təkliflərinin dinlənilməsi və sənədləşdirilməsi prosesi əsas maraqlı tərəflərin kollektiv fikirlərinin layihənin planında və ƏMSSTQ-də nəzərə alınmasını təmin edir.

ƏMSSTQ sənədinin tam layihə variantı və qısa xülasəsi Azərbaycan və ingilis dillərində hazırlanıb və bp-nin vebsaytında yerləşdirilib. Sənədlərlə aşağıda verilmiş link vasitəsilə tanış ola bilərsiniz:

https://www.bp.com/az_az/azerbaijan/home/news/hesabatlar/Etraf-muhit-ve-sosial-tesirlerin-qiymetlendirilmesi-hesabatlari.html

19 fevral 2024-cü il tarixindən etibarən bu sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda da yerləşdirilib:

- bp-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153

- M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29

- Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası: Hüseyn Cavid küçəsi 31

- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20

- Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi 100a.

Sizi ƏMSSTQ sənədinin layihə variantına dair rəylərinizi və fikirlərinizi bildirməyə dəvət edirik.

Xahiş olunur, öz rəy və təkliflərinizi 20 mart 2024-cü il tarixinədək bp-nin hökumətlə əlaqələr üzrə müşaviri Qivami Rəhimliyə göndərəsiniz:

e-poçt: [email protected]

Telefon: (012) 599 3000 və ya (055) 212 68 52

Xəbər lenti

Xəbər lenti