Bakı. Trend:
Cənub Qaz Dəhlizi həmrəylik və əməkdaşlığın parlaq nümunəsidir.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın energetika nazirinin müavini İva Petrova bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 10-cu nazirlər iclası və Yaşıl Enerji üzrə Məşvərət Şurasının nazirlərin 2-ci iclası zamanı deyib.
“Cənub Qaz Dəhlizi güclü tərəfdaşlıq və ortaq məsuliyyətdən irəli gələn həmrəylik və əməkdaşlığın parlaq nümunəsidir”, - deyə o bildirib.
Nazir qeyd edib ki, həm milli, həm də beynəlxalq enerji təhlükəsizliyini təmin etmədən enerji keçidinə nail olmaq mümkün deyil.
"Bu təməl güclü regional həmrəylik və "yaşıl enerji" dəhlizləri boyunca əməkdaşlıq üzərində qurulmalıdır", - o əlavə edib.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” 2020-ci ilin dekabr ayından tam istismara verilib və İtaliyaya (ildə doqquz milyard kubmetrdən çox), Yunanıstan və Bolqarıstana hər bir ölkəyə ildə bir milyard kubmetr qaz tədarük edir. 2022-ci ildə Aİ ölkələri 15,6 milyard avro dəyərində 11,4 milyard kubmetr qaz alıb. 2023-cü ildə bu həcm 11,8 milyard kubmetr qaza çatıb.