...

Xorvatiya və Azərbaycan minatəmizləmə və mədəni irs abidələrinin bərpası sahəsində əməkdaşlığı müzakirə edirlər - Nazir (Özəl müsahibə)

İqtisadiyyat Materials 14 Mart 2024 08:00 (UTC +04:00)
Xorvatiya və Azərbaycan minatəmizləmə və mədəni irs abidələrinin bərpası sahəsində əməkdaşlığı müzakirə edirlər - Nazir (Özəl müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiya və Azərbaycan minatəmizləmə və mədəni irs abidələrinin bərpası sahəsində əməkdaşlığı müzakirə edirlər.

Bunu Trend-ə özəl müsahibəsində Azərbaycan-Xorvatiya biznes forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Xorvatiya Respublikasının iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habican deyib.

“Biz biznes forumu və Azərbaycan Respublikası hökuməti ilə Xorvatiya Respublikası hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı üzrə birgə komissiyanın üçüncü iclasını keçirdik. Mənim nümayəndə heyətimə Xorvatiyanın 31 şirkətinin nümayəndələri daxildir. Biz minalardan təmizləmə prosesini müzakirə etdik, çünki təəssüf ki, Xorvatiyanın 1990-cı illərdəki müharibə səbəbindən bu sahədə təcrübəsi var. Xorvatiyanın DOK-ING şirkətinin Azərbaycan tərəfi ilə müəyyən əlaqələri var. Ümid edirəm ki, bu biznes forumun və birgə komissiyanın nəticələrinə əsasən biz gələcəkdə müəyyən müqavilələr imzalayacağıq”, - deyə nazir bildirib.

Habican qeyd edib ki, Xorvatiya tərəfi Azərbaycanın Mədəniyyət Nazirliyi ilə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında mədəni irs abidələrinin bərpasında mümkün əməkdaşlıq barədə danışıqlar aparır.

“Dörd il əvvəl Zaqreb və Sisakda baş vermiş zəlzələ səbəbindən, təəssüf ki, Xorvatiyanın da bu sahədə təcrübəsi var. Mədəni irs abidələrinin bərpası üzrə ixtisaslaşmış şirkətlərimiz var”, - deyə o qeyd edib.

Nazir əlavə edib ki, tərəflər iqtisadi əməkdaşlığın inkişafı üzrə birgə komissiyanın üçüncü iclasının protokolunu imzalayıblar.

“Hesab edirəm ki, bu birgə komissiya çox məhsuldar oldu. Ümid edirəm ki, bu, Azərbaycan və Xorvatiya arasında gələcək müqavilələr və işgüzar əməkdaşlığın inkişafı üçün əsas olacaq”, - deyə Habican qeyd edib.

Yaşıl enerji sahəsində əməkdaşlıq

Habican bildirib ki, Xorvatiya və Azərbaycan yaşıl enerji sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir.

“2028-ci ilə qədər 2500 meqavat bərpa olunan enerji gücünə sahib olmağı hədəfləyirik. Buraya günəş və külək enerjisindən əlavə, geotermal enerji də daxildir. Biz Xorvatiya Respublikasında geotermal potensialı araşdırmaq üçün 75 milyon avro ayırmışıq. Ona görə də hesab edirəm ki, Azərbaycan və Xorvatiya arasında bu sahədə əməkdaşlıq üçün böyük potensial var”, - deyə nazir bildirib.

Habican hesab edir ki, hidrogen enerjisinin inkişafı sahəsində də əməkdaşlıq üçün böyük potensial var.

“Düşünürəm ki, potensial çox böyükdür. Xorvatiyadan Macarıstana və Sloveniyaya çəkilməsi planlaşdırılan boru kəmərləri də hidrogenin nəqlinə uyğunlaşdırılıb. Bizim 2050-ci ilə qədər hidrogen enerjisinin inkişafı strategiyamız var”, - deyə o əlavə edib.

Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına gəlincə, nazir Xorvatiya tərəfinin tədbirdə iştirak edəcəyinə əminliyini ifadə edib.

“Çünki yaşıl keçid və bərpa olunan enerji Avropa İttifaqının bir hissəsi kimi Xorvatiya üçün həqiqətən vacibdir. Beləliklə, biz bu məqsədə sadiqik və buna görə də biz mütləq COP29-un bir hissəsi olacağıq və bunu səbirsizliklə gözləyirik”, - deyə Habican bildirib.

Nazir əlavə edib ki, Xorvatiya bütün sahələrdə əməkdaşlığa açıqdır.

“Əməkdaşlıq üçün geniş imkanlar var. Söhbət bir çox sahələrdən, o cümlədən iqtisadiyyatdan, infrastrukturdan, səhiyyədən, təhsildən, o cümlədən turizmdən gedir. Hazırda Azərbaycanla Xorvatiya arasında birbaşa uçuşlarımız yoxdur. Bu arada, Xorvatiyadan olan qida və əczaçılıq şirkətinin “Podravka” nümayəndələri Bakıdadır və gələcəkdə müqavilələr imzalamağı səbirsizliklə gözləyirəm”, - deyə Habican bildirib.

İki ölkə arasında çox yaxşı və mehriban əməkdaşlığı vurğulayan Habican qeyd edib ki, bu əlaqələrin genişləndirilməsinə və təkmilləşdirilməsinə ehtiyac var.

"Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumu əlaqələrimizi möhkəmləndirmək üçün əla fürsət oldu, xüsusən də biznes və iqtisadiyyatdan danışdığımız zaman. Biz iqtisadi əməkdaşlığı şaxələndirməliyik", - deyə o əlavə edib.

Qaz infrastrukturunun genişləndirilməsi

"Xorvatiya Macarıstan və Sloveniyaya boru kəməri infrastrukturunun tikintisinə təxminən 459 milyon avro ayırıb. 2021-ci ildə biz Krk adasında LNG terminalını açdıq. Hazırda biz onun gücünü 2,9 milyard kubmetrdən 6,1 milyard kubmetrə qədər genişləndiririk. “İon-Adriatik Boru Kəmərinə (İAP) gəlincə, bu, Azərbaycan qazının Macarıstan və Slovakiyaya, eləcə də Sloveniyaya tədarükü üçün daha qısa marşrutdur”, - deyə o bildirib.

Habican qeyd edib ki, Xorvatiya Trans Adriatik Boru Kəmərini (TAP) və Trans Anadolu Qaz Boru Kəmərini (TANAP) da dəstəkləyir.

“Ümid edirik ki, Sloveniya və Macarıstan istiqamətində qaz kəmərinin tikintisini 2026-cı ilə qədər başa çatdıracağıq. Biz Bosniya və Herseqovina ilə cənub magistralını çəkmək istəyirik. Biz LNG terminalımızın tutumunun genişləndirilməsi və boru kəməri infrastrukturunun qurulması üçün böyük vəsait ayırmışıq”, - deyə nazir əlavə edib.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti