Bakı. Trend:
Azərbaycan Akkreditasiya Mərkəzinin fəaliyyəti beynəlxalq standartlara tam uyğun olacaq və bu istiqamətdə müvafiq işlər görülür.
Trend xəbər verir ki, bu barədə bu gün Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) rəis müavini İlqar Həsənov Bakıda keçirilən Milli Metrologiya Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycanda malların mənşə ölkəsinin müəyyən edilməsi, ekspertizaların keçirilməsi və mənşə sertifikatının verilməsi sahəsində normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə normativ hüquqi aktların layihələri hazırlanıb.
"Bugünədək Azərbaycanda "Texniki tənzimləmə haqqında" və "Standartlaşdırma haqqında" qanunlar və bu qanunlardan irəli gələn normativ hüquqi aktlar qüvvədədir. Lakin hüquqi baza genişləndirilməlidir", - deyə o bildirib.
Dövlət Xidmətinin digər nümayəndəsi Elməddin Quliyev akkreditasiya mövzusu ilə bağlı bildirib ki, AİBNDX 2023-2024-cü illərdə akkreditasiya olunmuş müəssisələr tərəfindən bir sıra qanunvericilik tələblərinin pozulması hallarını aşkarlayıb.
"Bu dövr ərzində 37 müəssisədə uyğunluğunun müəyyən edilməsi məqsədilə yoxlamalar aparılıb. Yoxlamalar zamanı 16 akkreditasiyadan yayınma, 4 akkreditasiyasız fəaliyyət, 2 sənədlərin təsdiqlənmiş formaya uyğun gəlməməsi halı aşkarlanıb", - deyə E.Quliyev əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)