...

Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 356 mini ötüb

İqtisadiyyat Materials 21 İyul 2024 06:00 (UTC +04:00)

Bakı. Trend:

Cari il iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 356 mini ötüb.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (26,5 faiz), Lənkəran-Astara (10,2 faiz), Qazax-Tovuz (7,9 faiz) və Mərkəzi Aran (7,1 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 77 faizi kişilər, 23 faizi isə qadınlar olub. Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 35,7 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 25,7 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 21,6 faizini təşkil edir. Sahibkar qadınların 28,6 faizi Bakıda, 10,2 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (28,2 faiz), Naxçıvan Muxtar Respublikası (26,7 faiz), Gəncə-Daşkəsən (25,9 faiz), Bakı (24,8 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Xəbər lenti

Xəbər lenti