Bakı. Trend:
“4SIM Azerbaijan” hazırda Azərbaycanda böyük dil modellərinin inteqrasiyasına dair hazırlıq işləri görür.
Trend xəbər verir ki, bu barədə "4SIM Azerbaijan”-ın icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumunun "Metavers və rəqəmsal iqtisadiyyata dalış" panelində bildirib.
"Biz ötən ildən rəqəmsal iqtisadiyyat strategiyasının hazırlanmasına başlamışıq. Hal-hazırda bu strategiya tamamlanıb və 2030-cu ilədək həyata keçiriləcək 51 böyük təşəbbüs müəyyənləşdirilib. Bu təşəbbüslər insanların bacarıqlarını artırmağa, infrastrukturun müasirləşdirilməsinə və 'Sənaye 4.0' konsepsiyası çərçivəsində bizneslərin rəqəmsallaşdırılmasına yönəlmişdir. Biz, həmçinin, Azərbaycanda süni intellektin böyük dil modellərinin tətbiqi üçün hazırlıq işləri aparırıq. Ölkənin rəqəmsal əkizini yaratmağı planlaşdırırıq ki, iqtisadiyyatda nə baş verdiyini və hansı dəyərlərin yaradıldığını daha yaxşı başa düşək", - o bildirib.
Onun sözlərinə görə, böyük investisiyalar vətəndaşların davamlı təhsilinə yönələcək — proqram 650 müxtəlif şirkəti əhatə edəcək, bu şirkətlər 'Sənaye 4.0' layihələrində iştirak edərək rəqəmsal transformasiya prosesindən keçəcəklər.
"Biz diaqnostika edəcəyik ki, onların boşluqlarını aşkar edək və gələcək vizyonunu müəyyən edək, sonra isə transformasiya proqramlarını inkişaf etdirəcəyik. Eyni zamanda, hökumət beynəlxalq sertifikasiyaları maliyyələşdirməyə hazırdır, xərcləri qarşılayaraq ölkədə qısa müddət ərzində ixtisaslı kadrların formalaşdırılmasını təmin edəcək. Biz həmçinin universitetlərlə əməkdaşlıq edirik və Azərbaycanda böyük bir növbəti nəsil texnologiyalar mərkəzi yaratmağı planlaşdırırıq, burada bizneslər rəqəmsallaşmaq üçün nə etməli olduqlarını praktikada görə biləcəklər. Google ilə əməkdaşlıq çərçivəsində GIS proqramları inkişaf etdiririk, Apple ilə isə universitetlərlə birlikdə dörd sertifikasiya mərkəzinin yaradılması layihəsini həyata keçiririk", - o qeyd edib.
O qeyd edib ki, Azərbaycan Dördüncü Sənaye inqilabı Mərkəzinin (C22IR) açıldığı 22 ölkədən biridir.
"Bu, bizim Dünya İqtisadi Forumunda fəal iştirakımızı təsdiqləyir. Bu fəaliyyət çərçivəsində enerji və hətta idman sahələrində süni intellektlə bağlı layihələr həyata keçirilir, məsələn, mübarizədə süni intellekt proqramları.
Məqsədimiz bazarda dəyişiklərin katalizatoru olmaq, hökumətə, biznesə və cəmiyyətə rəqəmsal dünyaya uyğunlaşmağa kömək etmək, beynəlxalq ekspertləri müzakirələr və təcrübə mübadiləsi üçün cəlb etməkdir. Biz həmçinin kriptovalyutalar, blokçeyn, Web3 və Metaverse sahəsində təşəbbüsləri aktiv şəkildə dəstəkləyirik, gələcəyin rəqəmsal iqtisadiyyatında onların vacib rolunu başa düşərək. Binance ilə əməkdaşlıq kriptovalyutalar və blokçeyn haqqında məlumatlılığın artırılmasına, eləcə də Web3 ilə bağlı universitet layihələrinin inkişafına yönəlib", - Cəfərli əlavə edib.