Bakı. Trend:
Avtomobil sənayesi və elektroenergetika Azərbaycanın və Slovakiyanın əməkdaşlığı üçün cəlbedici sahələrdəndir.
Trend xəbər verir ki, bu barədə Slovakiyanın İnvestisiya və Ticarət Agentliyinin (SARIO) baş direktorunun müavini, beynəlxalq ticarət departamentinin direktoru Egon Zorad Bakıda Azərbaycan-Slovakiya biznes forumunda çıxış edərkən bildirib.
"Qeyri-neft sektorunda sıx əlaqələrin inkişafı hər iki ölkəyə fayda gətirəcək", - E. Zorad qeyd edib.
O, həmçinin Slovakiyada cəlbedici investisiya mühitinin olduğunu vurğulayaraq, Azərbaycan şirkətlərini Slovakiyaya dəvət edib.
"AZPROMO-nun effektiv işini gördük və bizim SARIO agentliyimiz faydalı əlaqələri davam etdirməkdən məmnun olacaq," – o, əlavə edib.
Qeyd edək ki, Bakıda azərbaycan-Slovakiya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov və Slovakiya iqtisadiyyat nazirinin müavini Kamil Şaşko çıxış ediblər.
Forumda, həmçinin, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, Slovakiyanın İnvestisiya və Ticarət Agentliyinin (SARIO) baş direktorunun müavini, beynəlxalq ticarət departamentinin direktoru Eqon Zorad iştirak edib.