Bakı. Trend:
Azərbaycan texnologiyalar və innovasiyalar sahəsində bölgədə lider mövqedədir.
Trend xəbər verir ki, bu barədə “Trendyol Group”-un baş direktoru Erdem İnan Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.
" “INMerge Innovation Summit” - Azərbaycanın bölgədə texnologiyalar və innovasiyalar sahəsindəki lider mövqeyinin parlaq sübutudur. İnnovasiyalar gündəlik həyatımızı dəyişdirir, iş metodlarını, eləcə də müştəri və tərəfdaşlarla əlaqə qurma üsullarını transformasiya edir", - o deyib.
Erdem İnan vurğulayıb ki, süni intellekt, dərin öyrənmə alqoritmləri və böyük dil modelləri kimi yeni texnologiyaların meydana gəlməsi ilə ənənəvi iş prinsipləri yenidən dəyişikliklərə məruz qalır.
"Bu gün biz Azərbaycan əhalisinin 20 faizini əhatə edirik və ekosistemin inkişafına daha çox sərmayə qoymağa hazırıq. Bizim üçün ölkə bazarına çıxış yalnız məhsul satmaq deyil, həm də rəqəmsal ekosistemi genişləndirmək və yaxşılaşdırmaqdır. Biz hər zaman həyata keçirdiyimiz bütün təşəbbüslərlə müsbət təsir göstərməyə çalışırıq. Biz maliyyə institutları, banklar, logistika şirkətləri, agentliklər, dövlət orqanları, eləcə də kiçik və orta müəssisələrlə tərəfdaşlıq edirik. Məqsədimiz real müsbət təsir yaratmaq və rəqəmsal iqtisadiyyatın formalaşmasına kömək etməkdir", - “Trendyol Group”-un baş direktoru qeyd edib.
Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.