Bakı. Trend:
2024-cü il 30 sentyabr - 3 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Merlərin IV Forumu - Gələcəyin Şəhərləri Sammiti keçirilib.
Bu, “Baku White City” layihəsinin BMT-nin Merlərin Forumunda ikinci iştirakıdır. 2019-cu ildə “Baku White City” layihəsi ilk dəfə Cenevrəyə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (AİK) 68-ci sessiyası çərçivəsində dəvət olunub və "Davamlı gələcək naminə şəhər inkişafı strategiyalarının hazırlanması" mövzusunda iştirak edib.
Bu sammitdə “Baku White City” layihəsi ekoloji fəlakətdən dinamik şəhər inkişafı modelinə keçidin simvolu olaraq qeyd olunub. “Baku White City”nin mövcud görünüşü dövrünün bütün müasir şəhərsalma həllərini əhatə edir.
MDB-də BREEAM standartına uyğun sertifikatlaşdırılan ilk bina “Baku White City”dədir. Bu gün “Baku White City Office Building 2020” artıq sertifikat alan üçüncü "yaşıl" bina oldu, bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binası sertifikat almışdı. 2020-ci ildə tikilməyə başlayan “Baku White City Office Building 2020” Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinə və suverenliyinin bərpasına həsr olunub və məhz burada COP29-un qərargahı yerləşir. "2020" biznes mərkəzi binası “Carbon Risk Real Estate Monitor (CRREM)” sistemi üzrə daşınmaz əmlakın karbon risklərinin qiymətləndirilməsi nəticələrinə görə yüksək reytinq alıb.
“Baku White City”dəki binaların layihələndirilməsi mərhələsində beynəlxalq "yaşıl" tikinti standartlarına uyğun sertifikatlaşdırılması yalnız kommersiya layihələrinin deyil, həm də yaşayış layihələrinin ayrılmaz hissəsidir. Davamlı tikinti metodları ətraf mühitə təsiri azaltmağa kömək edir. "Yaşıl" infrastruktur, enerji səmərəli binalar və aşağı karbonlu texnologiyaların tətbiqi ağıllı şəhərlərin əsas məqsədidir. “Baku White City” "yaşıl" binaları inteqrasiya edərək davamlı inkişafın müsbət nümunəsini təqdim edir.
"Gələcəyin Şəhərləri Sammiti" çərçivəsində “Baku White City”nin əsas layihəçilərindən biri olan “İmperator” və “Pritzker” mükafatlarının laureatı, məşhur memar Sir Norman Foster ilə görüş keçirilib. O, “Baku White City” layihəsinin inkişafını məmnuniyyətlə qeyd edib. Ona “Baku White City” layihəsinin 10 illiyinə həsr olunmuş kitab təqdim edilib.
Tədbirdə Gəncə və Biləsuvar şəhərlərinin icra hakimiyyətinin başçıları da iştirak ediblər.
“Baku White City” layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı" çərçivəsində həyata keçirilir.