...

"Xızı-Abşeron" külək elektrik stansiyasına gətirilən pərlərin sayı məlum olub

İqtisadiyyat Materials 24 Oktyabr 2024 15:34 (UTC +04:00)
"Xızı-Abşeron" külək elektrik stansiyasına gətirilən pərlərin sayı məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Xızı-Abşeron" külək elektrik stansiyasına gətirilən pərlərin sayı açıqlanıb.

Bu barədə Trend-ə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev bildirib.

Onun sözlərinə görə, hər birinin gücü 6.5 MVt olan 4 ədəd turbinə aid 12 ədəd pər qanadı hazırda Bakıdadır:

"Digər turbinlərin komponentləri qrafikə uyğun olaraq gətirilir. Quraşdırma Abşeron ərazisində başlayacaq və ilk 8 turbin bu sahədə quraşdırılacaqdır".

"Külək texnologiyasında enerjisi istehsalının səmərəliliyi küləyin sürətindən asılıdır. Qeyd edilən orta illik külək sürəti turbinlərin səmərəli fəaliyyət göstərməsi üçün kifayət qədər yüksəkdir və layihənin enerji istehsalında dayanıqlılığı təmin edəcək. 36 hektar ərazidə yerləşəcək külək stansiyası Azərbaycanda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək, elektrik istehsalında bərpa olunan enerji mənbələrinin payını artıracaq", - o bildirib.

Qeyd edək ki, "Xızı-Abşeron" külək elektrik stansiyası 240 meqavatt gücündə olacaq və Azərbaycanın ilk, Qafqaz bölgəsinin isə ən böyük külək enerji stansiyası olacaq. Stansiya illik 893 geqavatt-saat təmiz enerji istehsal edəcək və karbon emissiyalarını illik 400 000 tondan çox azaldacaq. 25 il müddətinə "tikinti-sahiblik-istismar" (BOO - Build – Own – Operate) prinsipi ilə fəaliyyət göstərəcək və “ACWA Power” tərəfindən idarə ediləcək.

Stansiya iki məkanda - Abşeron rayonunun Zona-1 və Xızı rayonunun Xızı-3 ərazilərində inşa ediləcək, 37 külək turbini optimal külək yığımını nəzərə alaraq yerləşdiriləcək. Layihə Azərbaycanın iqtisadiyyatın diversifikasiyası və enerji sisteminin modernləşdirilməsi məqsədlərini dəstəkləyir və qeyri-neft sektoruna xarici sərmayələrin artırılmasına töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti