Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbula səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyevlə görüşüb.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanaraq təşkilatın fəaliyyətinin türk dövlətlərinin iqtisadi potensialından səmərəli istifadə edilməsi və birgə layihələrin həyata keçirilməsinin təşviqi baxımından mühüm əhəmiyyəti qeyd edilib. Bildirilib ki, təşkilata üzv dövlətlər tərəfindən irəli sürülən təşəbbüslər ticarət, enerji, investisiya, rəqəmsallaşma və s. sahələrdə müasir çağırışlara cavab verilməsinə yönəlib ki, bu da ölkələrimizin dayanıqlı iqtisadi inkişafı ilə yanaşı, regional əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Bu kontekstdə, Türk İnvestisiya Fondunun yaradılması, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, sərmayələrin artırılması tərəfdaşlığın genişləndirilməsində əsas istiqamətlərdəndir.
Tərəflər həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.