...

COP29-un ilk günündə ölkələr əl-ələ verdikdə birlikdə işləyə biləcəyimizi göstərən mexanizmlə bağlı razılığa gəldilər - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 13 Noyabr 2024 14:30 (UTC +04:00)
COP29-un ilk günündə ölkələr əl-ələ verdikdə birlikdə işləyə biləcəyimizi göstərən mexanizmlə bağlı razılığa gəldilər - Mikayıl Cabbarov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda COP29-un ilk günündə ölkələr əl-ələ verdikdə birlikdə işləyə biləcəyimizi göstərən mexanizmlə bağlı razılığa gəldilər.

Trend xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O, maliyyə məsələsinin COP29-un əsas mövzusu olduğunu deyib:

"Hesab edirəm ki, 6.4-ci maddəyə gəldikdə artıq ilkin müsbət nəticələrimiz var. On ildən artıqdır ki, ümumi həll yolu tapıla bilmirdi. Bakıda COP29-un ilk günündə ölkələr əl-ələ verdikdə birlikdə işləyə biləcəyimizi göstərən mexanizmlə bağlı razılığa gəldilər.

Beləliklə, karbon bazarı mexanizmləri, fikrimizcə, maliyyə üçün lazımlı resurs təmin edəcək. İkincisi, biz həmçinin çoxtərəfli inkişaf banklarının dünən axşam və səhər tezdən açıqlanan birgə bəyanatını yüksək qiymətləndiririk. Birgə bəyanatda qeyd edildiyi kimi, 2030-cu ilə qədər illik 120 milyard dollarlıq öhdəliyi yüksək qiymətləndiririk. Bu, əhəmiyyətli irəliləyişdir. Əlbəttə, biz hələ daha çox işləməliyik. bundan sonra da işlərimiz davam edir".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti