Bakı. Trend:
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 162 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 38412,7 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 21776,3 milyon dollarını və ya 56,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 16636,4 milyon dollarını (43,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 5139,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 100 faiz təşkil edib, real ifadədə isə 3,9 faiz, o cümlədən idxal 0,4 faiz, ixrac 5,9 faiz azalıb. 2024-cü ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2807,5 milyon dollar təşkil edib və 2023-cü ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 3,5 faiz artıb, real ifadədə isə 9,1 faiz azalıb.