...

SOCAR Karbamid zavodunda 2025-ci il üçün gözlənilən istehsal həcmini açıqlanıb (ÖZƏL)

İqtisadiyyat Materials 21 Yanvar 2025 10:09 (UTC +04:00)
SOCAR Karbamid zavodunda 2025-ci il üçün gözlənilən istehsal həcmini açıqlanıb (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR Karbamid zavodunda 2025-ci il üçün gözlənilən karbamid istehsalının həcmi 592 min ton təşkil edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq SOCAR-dan bildiriblər.

Qeyd olunub ki, zavodda 2024-cü il ərzində 652 339 ton karbamid məhsulu istehsal edilib.

“Hazırda Karbamid zavodunun anbarlarında açıq şəkildə 50 760,530 ton və qablaşdırılmış şəkildə 23 746,060 ton olmaqla, ümumilikdə 74 506,590 ton karbamid məhsulu saxlanılır.

Fəaliyyətə başlayandan bəri Karbamid zavodunda 2 288 990 ton karbamid məhsulu istehsal edilib”, - şirkətdən bildiriblər.

Qeyd edək ki, Azərbaycanın karbamidə olan tələbatı SOCAR-ın Karbamid zavodu tərəfindən təmin edilir. Təməli 2011-ci ildə qoyulan Karbamid zavodunun açılış mərasimi 16 yanvar 2019-cu il tarixində baş tutub. Sumqayıt şəhərində yerləşən zavodun layihələndirilməsi və tikintisi ammonyak istehsalı üzrə Danimarkanın “Haldor Topsoe” və karbamid istehsalı üzrə Niderlandın “Stamicarbon B.V” şirkətlərinin texnologiyası əsasında Cənubi Koreyanın “Samsung Engineering” şirkəti tərəfindən həyata keçirilib. Finlandiyanın “Neste Engineering Solutions” şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub və 18 milyon adam-saatdan çox iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.

SOCAR-ın Karbamid zavodu, istismara verildiyi dövrdə ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olub. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti hesabına həyata keçirilib. Daha sonra Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə “Societe Generale” (Fransa), “Deutsche Bank” (Almaniya) və “UniCredit” (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin, layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədilə SOCAR tərəfindən, təxminən, 100 milyon avro məbləğində vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti