Bakı. Trend:
ABŞ və Ermənistan arasında olan münasibətləri xüsusi olaraq şərh etmək istəməzdim. Ancaq ümumilikdə onu qeyd edə bilərəm ki, həm Amerika Birləşmiş Ştatları, demokratlar administrasiyası, eyni zamanda bir sıra Avropa paytaxtları tərəfindən 2024-cü ildə biz Ermənistana birtərəfli dəstək faktlarını gördük.
Trend xəbər verir ki, bu sözləri bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Yadınızdadırsa, hələ ötən ilin aprel ayının 5-də Amerika dövlət katibi, Avropa İttifaqı Komissiyasının prezidenti, Ermənistan baş naziri arasında görüşlər keçirilmişdir. Yenə də ona hər hansı bir izahat vermək çətin idi. Xüsusi olaraq Ermənistan-Azərbaycan normallaşma prosesində özlərini vasitəçi kimi təqdim etməyə çalışan tərəflərin belə bir qərəzli yanaşması təbii ki, qəbuledilməzdir", - nazir bildirib.
O qeyd edib ki, ümumilikdə demokratlar administrasiyası tərəfindən 2023-cü ildə bir günlük antiterror tədbirlərindən sonra azadlığa dəstək aktına 907 saylı düzəlişin qüvvədən salınması üçün növbəti addımların atılmaması və bununla müyyən mənada Azərbaycanı cəzalandırma niyyətləri, bir sıra qərəzli addımları gördük.
"Bu gün ABŞ-də yeni prezidentin inaqurasiyası mərhələsi keçiriləcək. Bundan sonra Respublikaçılar növbəti 4 il ərzində Amerikada hakimiyyətdə olacaq. Güman edək ki, burada biz bir yanaşma fərqini müşahidə edəcəyik. Ən azından Azərbaycan Amerika Birləşmiş Ştatlarından normal proqnozlaşdırıla bilən qarşılıqlı maraqlar, qarşılıqlı hörmət əsasında formalaşmış bir münasibətin tərəfdarı olacaq", - nazir əlavə edib.