Ağdam. Trend:
Biz yeganə xalqıq ki, öz müstəqilliyimizi gül-çiçəklə yox, qanla qazanmışıq. Ona görə də bu xalqın övladı olduğum üçün fəxr edirəm.
Bunu Trend-ə bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Ağdamdakı Şəhidlər xiyabanını ziyarət edərkən rayon sakini, Qarabağ müharibəsi qazisi Şamil Əbilov deyib.
O, şahidi olduğu faciənin dəhşətindən danışıb:
"Bu gün Azərbaycan xalqının hüzn günüdür. 20 yanvar hadisəsi Azərbaycanın ən böyük faciələrindən biri olmuşdu. Həmin günün şahidiyəm. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və ondan əvvəlki günlərdə biz Azadlıq meydanına toplaşaraq çadırlarda qalırdıq. Orada insanlar öz müstəqilliyini tələb edirdi. Faciə gecəsi silahlı rus əsgərləri zirehli döyüş texnikaları ilə şəhərdə dinc əhaliyə qarşı amansızlıq göstərdi. İnsanları gülləbaran edib qətliam törətdilər. Silahlardan açılan atəş güllə pərdəsi yaratmışdı. Yayınmaq olmurdu. Biz çətinliklə İnşaat institutu binasının zirzəmisinə sığındıq. Buna baxmayaraq xalqımız öz müstəqilliyi uğrunda apardığı mübarizəni dayandırmadı”.
Ş.Əbilov bu günün təkcə hüzn günü deyil, həm də qürurlu tarix olduğunu vurğulayıb:
“Həmçinin onu da demək istəyirəm ki, bu gün bizim üçün həm də qürurlu tarixdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah dövlətimizi hər zaman qüdrətli və uca eləsin!”.