Bakı. Trend:
Valideynlər yüksək hərarət zamanı bəzi yanlış davranışlarla uşağın vəziyyətini ağırlaşdıra bilərlər.
Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da pediatr Regina Nemətova bildirib.
Onun sözlərinə görə, uşağın olduğu otaqda düzgün mikroiqlimin təmin edilməli, havanın temperaturu 20-21 dərəcədən yüksək olmamalı, rütubət isə 55-65% arasında olmalıdır:
“Pediatr həkimin təyinatı olmadan antibiotiklərin istifadəsi yanlış addımdır. Antibiotiklər üçün yalnız həkim tərəfindən təyin edilə bilən dəqiq göstərişlər mövcud olmalıdır. Virus infeksiyaları antibiotiklərlə müalicə olunmur, buna görə də onların istifadəsi effektiv nəticə verməyəcək”.
R.Nemətova qeyd edib ki, yüksək hərarət zamanı valideynlərin yanlış etdikləri davranışlardan biri də uşağı ağır və yüksək kalorili yeməkləri məcbur yedirtməkdir:
“Kəskin respirator infeksiyalar zamanı orqanizm həzm şirələrinin ifrazını avtomatik olaraq azaldır ki, enerjini qida həzminə deyil, virusla mübarizəyə sərf etsin. Yüksək hərarət zamanı orqanizm maye itirir və bu itkiləri daim bərpa etmək üçün uşağa tez-tez su verməyi tövsiyə edirik”.