...

Azərbaycanda iqtisadi fəaliyyət növləri və bölgələr üzrə statistik vahidlərin sayı açıqlanıb - SİYAHI

İqtisadiyyat Materials 21 Yanvar 2025 12:12 (UTC +04:00)
Azərbaycanda iqtisadi fəaliyyət növləri və bölgələr üzrə statistik vahidlərin sayı açıqlanıb - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində Azərbaycanda statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 7,1 faiz artaraq 2025-ci il yanvarın 1-i vəziyyətinə 212 705 olub.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, təkcə 2024-cü il ərzində isə 14 865 yeni statistik vahid yaradılıb.

Ötən il ərzində 698 statistik vahid isə ləğv edilib.

Məlumat üçün qeyd edək ki, statistik vahidlər rəsmi statistika üçün ilkin məlumatları təqdim edən, yaxud da statistiklər tərəfindən müşahidələrin aparılması, məlumatların toplanması və təhlili üçün müəyyənləşdirilmiş hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslərdir.

Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (33,6%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (14,1%), “Tikinti” (9,1%), “Peşə, elmi və texniki fəaliyyət” (7,5%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (6,3%), “Emal sənayesi” (6,2%) və “İnzibati və yardımçı xidmətlərin göstərilməsi” (5,7%) sahələrinin payına düşür.

Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (25,6%), İran (10,6%), Rusiya (8,0%), Böyük Britaniya (3,7%), ABŞ (1,5%) və Almaniya (1,1%) kimi ölkələrin sahibkarları tərəfindən yaradılıb.

2024-cü il ərzində ləğv edilmiş statistik vahidlərin 14,2 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11,6 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 11,5 faizi “Təhsil”, 11,3 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 10,6 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 9,6 faizi “Maliyyə və sığorta fəaliyyəti” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 39,8 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 9,5 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 8,2 faizi “Emal sənayesi”, 6,1 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 5,8 faizi “Tikinti”, 5,0 faizi “Nəqliyyat və anbar təsərrüfatı” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Hesabat dövründə qeydiyyatda olan statistik vahidlərin 66,1 faizi Bakıda yerləşib. Dövr ərzində yeni yaradılmış statistik vahidlərin 77,8 faizi Bakıda, 7,2 faizi Abşeron-Xızı, 2,3 faizi Qarabağ, 2,1 faizi Naxçıvan Muxtar Respublikası, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıblar.

Statistik vahidlərin yaradılması prosesi Şərqi Zəngəzur iqtisadi rayonunda (12,9%), Naxçıvan Muxtar Respublikasında (10,5%), Bakı şəhərində (8,2%), Abşeron-Xızı iqtisadi rayonunda (7,7%) və Qarabağ iqtisadi rayonunda (6,4%) daha fəal olub.

Bu dövrdə Bakı şəhəri üzrə 327, Naxçıvan Muxtar Respublikası üzrə 57, Abşeron-Xızı iqtisadi rayonu üzrə 50, Mərkəzi Aran iqtisadi rayonu üzrə 42, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 37, Lənkəran-Astara iqtisadi rayonu üzrə 34, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 30, Qazax-Tovuz iqtisadi rayonu üzrə 25, Qarabağ və Şirvan-Salyan iqtisadi rayonlarının hər biri üzrə 20, Quba-Xaçmaz və Mil-Muğan iqtisadi rayonlarının hər biri üzrə 19, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 14 və Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 4 statistik vahid ləğv edilib.

Qeyd edək ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəriciləri əsasında müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti