...

Varşavada “20 Yanvar” faciəsinin ildönümü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2025 22:42 (UTC +04:00)
Varşavada “20 Yanvar” faciəsinin ildönümü qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Polşadakı Səfirliyi və Varşava Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı “20 Yanvar” faciəsinin 35-cü ildönümü ilə əlaqədar Varşava Universitetinin Şərqşünaslıq fakültələrinin tələbələri və Varşavada yerləşən Boleslav Prus adına 35 nömrəli orta ümumtəhsil məktəbinin şagirdləri üçün mühazirə təşkil edilib.

Azərbaycanın Polşadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirlərdə Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin müəllim və tələbə heyəti, məktəbdə baş tutan tədbirdə məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər. Tədbirlərdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova tədbir iştirakçılarına “Qara Yanvar”ın 35-ci ildönümü mövzusunda mühazirə oxuyub.

Tədbirləri giriş sözü ilə açan səfir N.Qurbanova Azərbaycan xalqının tarixinə qanla yazılmış 1990-cı il 20 Yanvar hadisələrindən artıq 35 il ötdüyünü ifadə edərək bu qanlı faciənin xalqımızın tarixinə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız insanların qəddarcasına qətlə yetirilməsi, hərbi təcavüz və cinayətə məruz qalması, eyni zamanda bir xalqın milli azadlığı və müstəqilliyi uğrunda mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə yüksəlməsi kimi daxil olduğunu diqqətə çatdırıb.

Sovet rejimi hərb maşınının istiqlaliyyət, azadlıq, suverenlik istəyi ilə yaşayan Azərbaycan xalqının iradəsini qırmaq, demokratiya tələblərini boğmaq üçün 20 yanvar 1990-cı il tarixində qabaqcadan hazırlanmış təcavüzkarlıq aktını həyata keçirərək ağır cinayət törətdiyi bildirən N.Qurbanova faciənin ötən əsr boyu xalqımıza qarşı yürüdülmüş məkrli siyasətin növbəti təzahürü olduğunu qeyd edib. Səfir vurğulayıb ki, Sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddiaları, 250 mindən artıq soydaşımızın Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması, onlara qarşı repressiya və etnik dözümsüzlük, Azərbaycanı parçalamaq və torpaqlarını zəbt etmək təşəbbüsləri bu siyasətin digər təzahürü olub.

Səfir 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşının şəhid olduğunu, 744 nəfərin yaralandığını, 841 nəfərin isə qanunsuz həbs edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu terror aktına açıq şəkildə etiraz edərək ilk dəfə ona siyasi qiymət verib. 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn dahi siyasi xadim yerli və xarici media üçün mətbuat konfransı keçirib və mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsini qanuna, demokratiyaya və insanlığa zidd bir hərəkət kimi qəti şəkildə qınayıb. Ulu öndər Azərbaycanın prezidenti seçildikdən sonra isə 1994-cü il yanvarın 5-də müvafiq Fərmanla parlamentə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini tövsiyə edib.

Daha sonra N.Qurbanova Azərbaycanın sınağa çəkildiyi 20 Yanvar hadisələri ilə xalqımızın iradəsinin sındırılmasına çalışılsa da, azadlıq eşqimizin sönmədiyini, igid oğul və qızlarımızın mübarizliyi və qanı hesabına tariximizdə yeni və şanlı bir səhifənin açıldığını, qısa zaman sonra isə azadlıq və müstəqillik həsrətinə son qoyulduğunu bildirib.

Tədbirlər çərçivəsində qonaqlar 20 Yanvar faciəsini özündə əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar. Sərgi iki həftə davam edəcək.

Tədbirin sonunda 20 Yanvar gecəsində canlarını qurban vermiş soydaşlarımızın əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Həmçinin, Səfirliyin önündə 20 Yanvar faciəsinin 35-ci ildönümü – Ümumxalq Hüzn Günü ilə əlaqədar xatirə guşəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti