...

İğdır-Naxçıvan qaz boru kəmərinin açılması Azərbaycan-Türkiyə strateji əməkdaşlığının mühüm göstəricisidir – ŞƏRH

İqtisadiyyat Materials 8 Mart 2025 18:00 (UTC +04:00)
İğdır-Naxçıvan qaz boru kəmərinin açılması Azərbaycan-Türkiyə strateji əməkdaşlığının mühüm göstəricisidir – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq, xüsusilə qaz layihələri, iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirir. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Cənub Qaz Dəhlizi kimi layihələr, Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdıraraq, regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu layihələr, həmçinin Avrasiyanın enerji xəritəsini dəyişərək, Azərbaycanın enerji ixracatında yeni imkanlar yaradır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı, “Bir millət, iki dövlət” prinsipi əsasında qurulub və bu münasibətlər əsrlərin sınaqlarından uğurla çıxıb:

“İki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələr yüksək səviyyədədir. Xüsusilə Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik rəsmi şəkildə təsbit edilib ki, bu da təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı daha da gücləndirir.

Müasir dünyada və geosiyasi reallıqlar şəraitində Azərbaycan-Türkiyə qardaşlığı yalnız iki ölkə üçün deyil, həm də region üçün sabitlik və inkişafın təminatçısıdır. İki ölkənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri, türk dünyasının birləşməsinə və qlobal səviyyədə əməkdaşlığın genişlənməsinə xidmət edir. Bu birlik həmçinin beynəlxalq arenada sülh və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır”.

Deputat vurğulayıb ki, Azərbaycan və Türkiyə arasındakı bu qardaşlıq münasibətləri, gələcəkdə də yeni layihələr və təşəbbüslərlə daha da möhkəmlənəcək.

“İğdır-Naxçıvan qaz boru kəmərinin açılması Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın mühüm bir göstəricisidir. Bu layihə Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini təmin etmək və qaz təchizatını şaxələndirmək məqsədini daşıyır. Kəmərin illik ötürmə gücü 730 milyon kubmetrdir və bu, Naxçıvanın qaz tələbatını tamamilə ödəməyə imkan verir.

Layihə həm də Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirir. Bu qaz kəməri iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına və enerji sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verir. Bundan əlavə, layihə regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də xidmət edir. Gələcəkdə bu kəmərin genişləndirilməsi və daha böyük həcmdə qaz ötürülməsi imkanları da nəzərdə tutulur. Bu, həm Naxçıvanın, həm də regionun iqtisadi inkişafına və əhalinin rifahına müsbət təsir göstərəcək”, - deyə N.Həmzəyev qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Könül Nurullayeva isə Trend-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri hər iki ölkə üçün əlamətdar hadisə ilə yadda qaldı:

“Belə ki, İğdır-Naxçıvan qaz xəttinin açılış mərasimi baş tutdu. Azərbaycan-Türkiyə qardaşlığının rəmzlərindən biri olan layihənin həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. Bu cür yeni enerji bağları ilk növbədə ikitərəfli əlaqələrin inkişafını daha da gücləndirir. Eyni zamanda bu, regional zəncirvari qaz proyektinin ortaya çıxmasıdır. Görünən budur ki, müasir dünyada və geosiyasi reallıqlar şəraitində Azərbaycan-Türkiyə qardaşlığının və müttəfiqliyinin əhəmiyyəti getdikcə artır.

Parlamentari xatırladıb ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP Boru kəməri layihələri ilə uğurla icra olunmaqdadır.

“Türkiyə və Azərbaycan həm Avropanın, həm də dünyanın təchizat təhlükəsizliyinə töhfə verəcək layihələri davam etdirirlər. Beləliklə, Naxçıvan sakinlərinin təbii qaza ehtiyacı İğdır üzərindən qarşılanacaq. Eyni zamanda İğdır sakinləri də bundan yararlanacaq. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Naxçıvan Azərbaycanla Türkiyəni birləşdirən yeganə quru əlaqəsi olmaqla yanaşı, həm də türk dünyasının qovuşduğu məkandır. İğdır-Naxçıvan Təbii Qaz Boru Kəməri Naxçıvanın enerji təhlükəsizliyinin şaxələndirilməsində strateji əhəmiyyətə malikdir. Türkiyə Prezidenti də bu layihəni “Naxçıvanla ortaq taleyimizin simvolu” kimi xarakterizə etdi.

İğdır-Naxçıvan Təbii Qaz Boru Kəməri üzrə ilk müqavilə 2010-cu ildə imzalanıb. Azərbaycan qazını Türkiyəyə daşıyan Cənubi Qafqaz Boru Kəməri genişləndirildikdən və nəql imkanları artırıldıqdan sonra 2020-ci ildə təbii qazın Türkiyə üzərindən Naxçıvana çatdırılması məsələsi yenidən gündəmə gəldi. Beləliklə, bu təbii qaz kəmərinin reallaşması enerji təhlükəsizliyi baxımından bir növ diversifikasiya imkanlarını genişləndirmiş oldu”, - deyə K.Nurullayeva əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti