Bakı. Trend:
"Wizz Air" Qəbələdən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərinə uçuşlar həyata keçirməyə başlayacaq.
Trend xəbər verir ki, artıq şirkətin rəsmi saytında iyunun 19-dan etibarən Qəbələ-Əbu-Dabi istiqamətində biletlər satışa çıxarılıb.
Qeyd edək ki, Macarıstanın Hava Yolları şirkəti olan "Wizz Air" şirkəti bu vaxta qədər Azərbaycanda yalnız Bakı şəhərindən uçuşlar həyata keçirirdi.
Reyslər həftədə 3 dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 45,99 ABŞ dollarından başlayır. Aviailetlərin satışı artıq wizzair.com və aviaşirkətin mobil tətbiqində açıqdır.
“Qəbələyə yeni beynəlxalq reysin açılması ölkəmizə daha çox xarici turistin gəlməsinə şərait yaradacaq, regionun biznes potensialını artıracaq və 2 ölkə arasında mədəni, iqtisadi əlaqələri daha da gücləndirəcək. Qəbələ təbii gözəllikləri, zəngin mədəni irsi və müasir turizm infrastrukturu ilə nadir ahəng yaradır və artıq biz BƏƏ-dən, eləcə də dünyanın hər yerindən olan qonaqlar üçün daha əlçatan olduq”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.
“Wizz Air Abu Dhabi” aviaşirkətinin icraçı direktoru Yohan Eidhagen əlavə edib: “Biz uçuş şəbəkəmizi Əbu-Dabi və Qəbələ arasında yeni marşrutla genişləndirdiyimiz üçün çox şadıq. Yaxın Şərqi kəşf etmək istəyən səyahətçilər üçün bu maraqlı istiqamətlərə sərfəli qiymətlərlə uçuşlar təklif edirik. Wizz Air sərfəli və fərdiləşdirilə bilən seçimləri ilə insanlara büdcələrini aşmadan həyatı sərgüzəştlərlə zənginləşdirməyə imkan verən ağıllı səyahət üsuludur. Şirkətimiz sürətlə genişlənir və BƏƏ paytaxtından həyata keçirilən səyahətləri daha əlçatan edir. Sizi növbəti uçuşlarımızda qarşılamağı səbirsizliklə gözləyirik.”
Qəbələ Beynəlxalq Hava Limanı Azərbaycanın turizm mərkəzlərindən birində yerləşir və tam beynəlxalq standartlara cavab verir. Hava limanı saatda 200 sərnişinə xidmət göstərmək və bütün növ hava gəmilərini qəbul etmək qabiliyyətindədir.