Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1,54 min ton çay istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% və ya 427 ton azalıb. Belə ki, ötən ilin ilk iki ayında Azərbaycanda 1,96 min ton çay istehsal edilib.
Bəhs olunan dövrdə Azərbaycandan 123 ton miqdarında, 1,1 milyon ABŞ dolları dəyərində çay ixrac edilib. Çay ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 24 ton və ya 24,2%, dəyər ifadəsi ilə 190 min ABŞ dolları, yaxud da 20,8% artıb. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 99 ton miqdarında, 915 min ABŞ dolları dəyərində çay ixrac edilib.
Bununla yanaşı, bu ilin ilk iki ayında ölkəyə 3,05 min ton miqdarında, 18,6 milyon ABŞ dolları dəyərində çay idxal edilib ki, bu da, illik müqayisədə miqdar ifadəsi ilə 1,28 min ton və ya 72,9%, dəyər ifadəsi ilə 9,7 milyon ABŞ dolları, yaxud da 2,1 dəfə artıb. Ötən ilin yanvar-fevral aylarında Azərbaycana 1,76 min ton miqdarında, 8,9 milyon ABŞ dolları dəyərində çay idxal edilib.
Qeyd edək ki, cari ilin bəhs olunan dövründə Azərbaycana idxal olunan çay ümumi idxalın 0,45%-ni, ölkədən ixrac olunan çay isə ümumi ixracın 0,02%-ni təşkil edib.