Bakı. Trend:
Cari ilin yanvar-mart ayları ərzində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin istilik elektrik stansiyalarında (İES) elektrik enerjisinin istehsalı 5 739,9 milyon kVt·st olub.
Trend-ə bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, “Azərenerji”nin İES-lərdə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 211,1 milyon kVt·st və ya 3,5% azalıb.
Belə ki, 2024-cü ilin birinci rübündə “Azərenerji”nin İES-lərdə elektrik enerjisinin istehsalı 5 951 milyon kVt·st olub.
Qeyd edək ki, cari ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 7 171,8 milyon kVt·st olub. Elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 milyon kVt·st və ya 0,6% artıb. Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7 129,3 milyon kVt·st olub.
Cari ilin hesabat dövründə İES-lərdə 6 318,3 mln. kVt·st, SES-lərdə 669,6 mln. kVt·st, digər mənbələr üzrə isə 183,9 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 9,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 112,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 385,0 mln. kVt·st (İES-lərdə 5 739,9 mln. kVt·st, SES-lərdə 645,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 91,2 mln. kVt·st (İES-lərdə 55,7 mln. kVt·st, SES-lərdə 21,7 mln. kVt·st, GES-də 13,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,3 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 689,3 mln. kVt·st təşkil edib.