Bakı. Trend:
Cari ilin yanvar-mart ayları ərzində Azərbaycanda müstəqil elektrik stansiyalarında elektrik enerjisinin istehsalı 689,3 milyon kVt·st olub.
Trend-ə bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, müstəqil elektrik stansiyalarında elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 milyon kVt·st və ya 5% artıb.
Belə ki, 2024-cü ilin birinci rübündə müstəqil elektrik stansiyalarında elektrik enerjisinin istehsalı 656,7 milyon kVt·st olub.
Qeyd edək ki, cari ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 7,172 milyard kVt·st olub. Elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 milyon kVt·st və ya 0,6% artıb. Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7,129 milyard kVt·st olub.
Cari ilin hesabat dövründə İES-lərdə 6,318 milyard kVt·st, SES-lərdə 669,6 milyon kVt·st, digər mənbələr üzrə isə 183,9 milyon kVt·st, o cümlədən külək elektrik stansiyalarında 9,5 milyon kVt·st, günəş elektrik stansiyalarında 112,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6,385 milyard kVt·st (İES-lərdə 5,740 milyard kVt·st, SES-lərdə 645,1 milyon kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 91,2 milyon kVt·st (İES-lərdə 55,7 milyon kVt·st, SES-lərdə 21,7 milyon kVt·st, GES-də 13,8 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,3 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 689,3 milyon kVt·st təşkil edib.