Bakı. Trend:
Apreldə baş verən təbiət hadisələri istehsalçıları maliyyə itkiləri ilə üz üzə qoyub, belə ki yalnız aprel ayında ölkəmizdə sığortalanmış 13 mln. manatlıq istehsala tam və ya qismən ziyan dəyib. İlin əvvəlindən isə artıq 26 mln. manatlıq istehsala ziyan dəyməsi ilə bağlı müraciətlər olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Trend xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində bu gün keçirilən “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib ki, hazırda 41 bitki növü üzrə 14 riskdən, heyvandarlıq üzrə isə 8 riskdən sığorta təminatı təklif edilməkdədir.
“Hazırda ölkənin kənd təsərrüfatı təyinatlı ərazilərinin 30 %-i, yəni 450 000 hektarı sığorta təminatı altına alınıb. Eləcə də bitkiçilik üzrə aqrar istehsalın 8 %-i sığortalanıb və fondun üzərinə götürdüyü sığorta öhdəlikləri 450 mln. manat təşkil edib. Bağladığımız müqavilə sayları 57 000 çatıb, zərər ödənişlərimiz isə 15 mln. manatı ötüb.
Yalnız son iki ildə fermerlərə ödənilmiş təzminatların həcmi 12 mln. manat təşkil edib. Eyni zamanda sistemin kapitallaşması davam edir və maliyyə dayanıqlığı kifayyət qədər sabitdir. Belə ki, sistemin aktivləri 9 mln. manatdan 30 mln. manata çatıb, və Fondun öhdəliklərini icra etməyə kifayyət qədər likvid aktivləri mövcuddur”, - deyə F.Sadıqov qeyd edib.