Bakı.Trend:
Uzaqdan zondlama məlumatlarından istifadə ilə Özbəkistanda su ehtiyatlarından istifadənin monitorinqi məhsuldarlığın artmasına səbəb olur.
Trend xəbər verir ki, bunu “UzSpace” agentliyinin direktor müavini Muhiddin İbrahimov bu gün akıda keçirilən Kosmik Texnologiyalar üzrə Konfransda (Space Technology Conference, STC2025) etdiyi çıxış zamanı bildirib.
"Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə bağlı əsas problemlərdən biri su balansının pozulmasıdır. Su ehtiyatlarından rasional istifadə günbəgün daha aktual məsələyə çevrilir. Bu çağırışla üzləşdiyimizdə su idarəçiliyi sistemini yenidən necə qurmaq olar deyə düşündük. Cavabı isə məsafədən zondlama texnologiyaları verməyə başlayır", – deyə o qeyd edib.
Onun sözlərinə görə, söhbət peyk məlumatları əsasında su ehtiyatlarından istifadənin monitorinqindən gedir. Xüsusilə, bu məqsədlə evapotranspirasiya göstəricisinə – torpaq səthindən və bitkilər vasitəsilə buxarlanma proseslərinin cəminə əsaslanan texnologiya tətbiq olunur.
İbrahimov deyib ki, distant zondlama peykləri müxtəlif spektral diapazonlardan əldə olunan məlumatlardan istifadə etməklə su axınları barədə informasiya əldə etməyə imkan verir. Bu zaman suyun daxil olmasının bütün mənbələri nəzərə alınır: yağıntılar, yeraltı sular, suvarma və sair.
"Sonda biz rəqəmsal bir xəritə əldə etdik ki, orda hər bir sahəni, əkilən məhsulu və su mənbəyini görmək mümkündür. Biz çatdırılan və istifadə olunan suyun miqdarını təhlil edə bilirik. Bu məlumatlar suyun nə dərəcədə səmərəli istifadə olunduğunu anlamağa imkan verir. Bəzi sahələr daha az su sərf etməklə yüksək məhsuldarlıq verir — onları nümunəvi hesab etmək olar. Amma “autsayder”lər də var ki, onlarda su sərfiyyatı yuxarı, məhsuldarlıq isə aşağıdır. Bu isə dövlətin fermerlərə yardım etməsinə imkan verir - ya su sərfiyyatını artırmadan məhsuldarlığı artırmaq, ya da su sərfini azaltmaqla", - deyə İbrahimov bildirib.
O vurğulayıb ki, bu texnologiya artıq Özbəkistanın üç bölgəsində tətbiq olunur. Ümumilikdə əhatə olunan ərazi 5 milyon hektardan çoxdur, bunun 1,6 milyon hektardan çoxu – on əsas məhsul üzrə monitorinq aparılan kənd təsərrüfatı sahələridir
İbrahimov qeyd edib ki, Özbəkistanda suyun təxminən 90%-i kənd təsərrüfatında istifadə olunur və bunun 30–40%-i itkiyə gedir. Monitorinq göstərir ki, su götürmə miqdarını artırmadan sistemin optimallaşdırılması hesabına buğda məhsuldarlığını 30–40% artırmaq mümkündür ki, bu da ərzaq təhlükəsizliyini əhəmiyyətli dərəcədə yüksəldəcək.
